“İstək” liseyi Gəncədə “Həyat Bilgisi Festivalı“ keçirib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Gəncə şəhərində körpələr evi-uşaq bağçaları arasında “Həyat Bilgisi Festivalı” keçirilib. Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə “İstək” liseyi tərəfindən həyata keçirilib. Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan “Həyat Bilgisi Festivalı” Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad olunması, onun fəaliyyəti dövründə görülən işlərin uşaqların diqqətinə çatdırılması və vətənpərvərlik hissinin təbliği məqsədi ilə təşkil olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gəncə “İstək” liseyinin, Gəncə şəhərində fəaliyyət göstərən körpələr evi və uşaq bağçalarının rəhbər heyəti, uşaq, müəllim və valideynlər iştirak edib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş çıxışlar dinlənilib. Bir-birindən maraqlı çıxışların ardınca “Həyat Bilgisi Festivalı”nın yarışma hissəsinə start verilib. Komandalar şəklində yarışan bağçalar və körpələr evləri bir – birindən maraqlı sualların cavablarını tapmaq üçün yarışıblar. Festivala Gəncə şəhərində fəaliyyət göstərən 21 uşaq baxçası-körpələr evini təmsil edən 120-dən çox uşaq qatılıb. Aparıcı tərəfindən səsləndirilmiş suallara ən çox düzgün cavab verən Gəncə şəhər 2 nömrəli uşaq bağçası “Həyat Bilgisi Festivalı”nın qalibi olub. Sonda qaliblər, finalçılar və iştirakçıların təltifolunma mərasimi həyata keçirilib.
yknews.az