ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan prezidentlərinə görüşməyə çağırır.
ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə ATƏT-in bəyanatında bildirilir. Görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilir.
Serj Sarkisyanın və İlham Əliyevin Vyanada keçirilməsi təklif edilən görüşü aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklərdən sonrakı dövrə təsadüf edir. Bu görüş 2016-cı ildə prezidentlərin ilk görüşü ola bilər.
Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
Prezidentlər dekabr ayında cəbhə xəttində gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.
Mart ayının sonunda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyi deyilsə də, bu baş tutmadı.