Qarabağ müharibəsi ilə bağlı XƏBƏRDARLIQ: “Formula-1″dən sonra alovlana bilər
Məşhur britaniyalı analitik, Qafqaz və Qarabağ münaqişəsi üzrə araşdırmaçı Tomas de Vaal Ermənistan-Azərbaycan münaqişəsinin yenidən qızışa biləcəyini bildirib.
Tomas de Vaalın sözlərinə görə, apreldəki “4 günlük müharibə”dən sonra atəşkəs rejiminin bərpa edilməsi barədə razılıq əldə olunsa da, faktiki ona əməl edilmir.
T.Vaal qeyd edir ki, Qarabağ üzrə əldə olunan razılaşma gərginlik altındadır. Hər iki tərəf qoşunların təmas xəttinə ağır texnikasını yeridib
“Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan Ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi”,-deyə Tomas de Vaal qeyd edib.
Qarabağda gərginliyin yenidən artacağı ehtimalından danışan analitik bildirib ki, tərəflərin kütləvi şəkildə silahlanması ondan xəbər verir ki, yeni toqquşma 1991-1994-cü illərdən fərqli olaraq daha böyük miqyasda ola bilər.
Analitik hesab edir ki, Azərbaycan yeni danışıqlar prosesi istəyir və hərbi gücündən rıçaq kimi istifadə edir. Ermənistan hərbi təzyiq altında razılığa gəlmək istəmir və təhlükəsizlik təminatı tələb edir.
Tomas de Vaal hesab edir ki, münaqişə ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə, böyük ehtimalla iyunda Bakıda keçirilən “Formula-1” yarışlarından sonra müharibə yenidən alovlanacaq.