Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların davam etdirilməsi üçün atılmalı olan addımları sadalayıb. ANS PRESS-in “Ria Novosti” saytına istinadən verdiyi məlumata görə, Nalbandyan bu haqda “Ermənistanın “Daşnaktsyutsyun” inqlabi federasiyası” partiyasının nümayəndələri ilə görüşdə danışıb.
“Hazırda mümkün görüşlər Azərbaycanın Qarabağa qarşı nümayiş etdirdiyi aqressiyanın təkrarlanmasını istisna edilməsinə, 1994-1995-ci illərdə atəşkəsin bərqərar olunmasına dair əldə edilən razılaşmalara birmənalı riayət edilməsinə, eyni zamanda atəşkəsin pozulması hallarının araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsinə hədəflənməlidir” – deyə Nalbandyan bildirib.
Cəbhə xəttində aprelin 1-dən 5-nə kimi davam edən hərbi əməliyyatlar zamanı erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub. Atışma nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4 nəfər ölüb, 2-si azyaşlı olmaqla 18 nəfər yaralanıb.
Aprelin 1-dən 5-nə qədər cəbhə xəttində vəziyyət gərgin olub. Həmin vaxt Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən Azərbaycanın cəbhə kəndlərini intensiv şəkildə atəşə tutub. Ermənistanın təxribatlarına qarşı cavab tədbirləri həyata keçirən Azərbaycan ordusu işğal altında olan bəzi əraziləri azad edib.
Bundan sonra Ermənistan tərəfi bir neçə dəfə danışıqlardan imtina etdiyini bəyan edib. Prezident Serj Sarkisyan hətta danışıqların bərpası üçün şərtlər irəli sürüb.