“İran həmişə Azərbaycanın yanında olub…” – MÜSAHİBƏ
Möhsün Pakayin: “Bu ilin ilk üç ayı ərzində İranla Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi 53 faiz artıb”
İranın ölkəmizdəki səfiri Möhsün Pakayinlə, həmişəki kimi, çox mehriban və səmimi söhbətimiz oldu. Qeyd edim ki, onunla təmasda, əksər jurnalist həmkarlarım kimi mən də çox sərbəst oluram – rahatca söz soruşub, cavab ala bilirəm. Elə bu dəfə də belə, soruşulacaqlar çox, vaxtsa məhdud, ona görə də bəzi maraqlı məsələlər barədə söhbətləşdik. Müsahibəyə İslam İnqilabından bu yana uzun illər ərzində Qərbin İrana tətbiq elədiyi sanksiyaların götürülməsindən sonra dəyişən nəticələrə işıq salmaqla başladıq. Razılaşmada göstərilən detallar yerinə yetirilir, yoxsa?.. Axı bəzi məsələlərdə ABŞ-ın şərtləri tükənmir… Gəlin sətirlərə çevrilən müsahibəmizi birlikdə oxuyaq:(hafta)
– Əldə olunmuş razlaşmanın kağız üzərində qalması və reallaşdırılmaması barədə deyilənlər həqiqətəuyğun deyil. Artıq hər iki tərəf razılaşmanın icra edilməsi mərhələsinə qədəm qoyub. Hazırda neftimizi rahat şəkildə sata və əlbəttə, pulunu ala bilirik. Bu yerdə qeyd edim ki, İranın neft hasilatı, eləcə də digər məhsulların istehsalı iki dəfə artıb. Bu gün İranla beynəlxalq bank sistemi arasında əlaqələr bərpa olunub və biz dünyanın iki yüzdən çox məşhur bankı ilə əməkdaşlıq etməkdəyik. İran dövləti ilə, istər Avropada, istərsə də Asiyada yerləşən beynəlxalq sənaye şirkətləri arasında əhəmiyyətli müqavilələr imzalanıb. Hətta elə sazişlər var ki, onların maddi dəyəri 10 milyard dollardan yuxarıdır. Razılaşmadan sonra İran gəmiləri normal fəaliyyət göstərir, xarici dünyadan Tehrana təyyarələr uçmağa başlayıb, gəmilərin və təyyarələrin beynəlxalq müstəvidə sığorta olunması prosesi başa çatıb. Ümumilikdə, proseslər müsbət istiqamətdə inkişaf etməkdədir.
– Amma bu yaxınlarda ABŞ rəsmilərindən biri İranla bağlı heç də ürəkaçan olmayan fikirlər səsləndirdi…
– ABŞ-ın davranışından ancaq təəssüflənirik. Düşünürük ki, Vaşinqton əldə edilmiş razılaşmaya sadiq qalmalı və üzərinə düşən işləri görməlidir. Hesab edirik ki, Amerika rəsmiləri dünya banklarına gizli şəkildə təzyiq göstərərək İranla əməkdaşlıq etmələrinə əngəl törətməkdən əl çəkməlidirlər. Hazırda biz bütün diplomatik kanallardan yararlanmaqla bu problemləri həll etməyə çalışırıq. Onu da nəzərə alın ki, nüvə razılaşması, sadəcə, ABŞ-la əldə edilməyib, bu müqavilə “5+1”lə bağlanıb.
– Yeri gəlmişkən, hazırda ABŞ-da prezident seçkiləri prosesi gedir. Maraqlıdır, Tehran mövcud namizədlərdən hansının seçilməsini istəyərdi ki, nəticə etibarı ilə İranla əlaqələrə müsbət təsit göstərsin?
– Birləşmiş Ştatlarda keçirilən seçkilər onların daxili işidir. Ötən dövrlərdə həm demokratların, hem də respublikaçıların nümayəndəsini Ağ Evdə görmüşük. Təəssüflə deyim ki, bu iki partiyanın heç birinin prezidentlik dönəmində ABŞ-ın İrana qarşı düşmənçiliyi azalmayıb. Bu səbəbdən də bizim üçün ABŞ-da hansı partiyanın nümayəndəsinin qələbə qazanmasının fərqi yoxdur.
– Maraqlıdır, sanksiyalar götürüləndən sonrakı dövrdə gedən inkişaf prosesi içində Azərbaycanın yeri necə görünür?
– Azərbaycanla da bütün sahələrdə əlaqələrimizi genişləndirməkdəyik. Artıq Azərbaycanın əsas bankları İranla əməkdaşlıq eləmək niyyətlərini ortaya qoyublar. Verilən statistik rəqəmlər də müsbət nəticələrə işarə edir. Məsələn, bu ilin ilk üç ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə İranla Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi 53 faiz artıb. Bir az da konkretləşdirsək, bu dövrdə İrandan Azərbaycana ixracat 43 faiz çoxalıb. Gediş-gəliş də artıb. Məsələn, yalnız Novruz bayramı günlərində İrandan Azərbaycana 50 mindən çox turist gəlib. Onların hərəsi burada min dollar xərcləyibsə, milyonlarla dollar edir və bu da ticarət əlaqələrinin artmasının göstəricisidir. Bu gün Rəşt-Astara dəmiryolu xətti məhz Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilməkdədir. Bütün bunları nəzərə alanda ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini görərik.
– İran Azərbaycan dövlətinə və özəl şirkətlərə neft-qaz sahəsinə investisiya qoymaq barədə təklif vermişdi. Konkret hansı sahələrin adı keçir təkliflərdə?
– Bəli, dediyiniz kimi, iki ölkə arasında bu müstəvidə danışıqlar gedir və özəl sektor təmsilçiləri də müzakirələrə qatılır. Məsələn, bu günlərdə İranda keçirilən neft-qaz sərgisində SOCAR da iştirak edib. Prezident İlham Əliyevin İrana səfəri zamanı da neft-qaz sahəsində özəl sektorlar arasında əlaqələrə dair iki sənəd imzalanmışdı. Biz İranda icra olunacaq layihələr barədə Azpromo-ya və SOCAR-a məlumat vermişik.
– Yadımdaykən soruşum: ötən müsahibələrin birində İranın Xəzərətrafı şəhərlərindən biri ilə Bakı arasında sərnişin gəmisinin üzməsinin insanların gedin-gəlişinə müsbət təsir edəcəyini vurğulamışdıq. Bu yönümdə nə kimi irəliləyişlər var?
– Hazırda iki ölkə arasında insanların qarşılıqlı səfərləri sürətlə artmaqdadır. Tehranla Bakı arasında gündəlik təyyarə uçuşları həyata keçirilir. Eləcə də Tehran və Təbrizdən Bakıya hər gün avtobuslar gəlir. İnşallah, üç aydan sonra Təbrizlə Naxçıvan arasında qatarlar hərəkətə başlayacaq. Bundan sonra isə naxçıvanlılar Təbrizdə başqa qatara minməklə Məşhədə də gedə biləcəklər. Dəniz sərnişindaşımasına gəldikdə, tərəflər arasında müzakirələr gedir, amma hələlik konkret nəticə yoxdur. Eyni zamanda, Azərbaycan tərəfi İran vətəndaşlarına vizanın verilməsi qaydalarının sadələşdirilməsi üzərində çalışır. Ümumiyyətlə, son vaxtlar insanların rahat gediş-dönüşünü təmin eləmək məqsədilə çox işlər görülüb. Məsələn, Biləsuvarda açılan müasir sərhəd-buraxılış məntəqəsi bu baxımdan qeyd olunmalıdır. Sabah isə Naxçıvanda Poldəşt-Şaxtaxtı gömrük- buraxılış məntəqəsi istifadəyə veriləcək ki, açılışında mən də iştirak edəcəyəm. Bütün bunlar iki ölkə arasında əhalinin qarşılıqlı səfərlərinin artmasına stimul verəcək.
– Bəs Məşhədə birbaşa hava reysinin açılması məsələsi nə yerdə qalıb? Hər dəfə gündəmə gətirilir, amma real nəticə vermir…
– Tərəflər arasında bu barədə müzakirələr gedir. İran Mülki Aviasiya Təşkilatının rəhbərliyi bu reysin açılacağını elan edib. Amma təyyarə uçuşlarının nə vaxt başlayacağı, hələlik, dəqiq deyil.
– Qarabağda gedən son silahlı toqquşmalar zamanı İran dövləti birmənalı şəkildə Azərbaycanı dəstəklədi ki, bu da anti-İran qüvvələri sözün əsl mənasında çaş-baş saldı. Bəs İranın özünə təsiri oldumu tutduğu bu mövqeyin? Yəni ermənipərəst qüvvələr – dövlətlər təsir göstərmədimi sizə?
– İran tam müstəqil dövlətdir və digər ölkələrin təzyiqi altında deyil. Azərbaycan İranla dost və qardaş ölkədir, aramızda tarixi, mədəni və dini bağlılıqlar çoxdur. İran həmişə Azərbaycanın yanında olub və heç vaxt da mövqeyini dəyişməyib. Qarabağ münaqişəsi yarandığı ilk gündən biz Azərbaycanın haqlı mövqeyini dəstəkləmişik. Biz bölgəmizdə müharibə alovunun yaranmasını istəmirik. Çünki müharibədə insanlar həlak olur, evlər dağılır və biz bütün bunların baş verməsini qətiyyən arzulamırıq. Ona görə də tərəflər arasında atəşkəs barədə əldə edilmiş razılaşmasını dəstəkləyirik. Düşünürük ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu münaqişənin həlli prosesində aktivliyini artırmalı və BMT-nin bu müstəvidə qəbul etdiyi qətnamələrin daha tez icra olunmasına çalışmalıdır.
– Yeri gəlmişkən, iranlı jurnalistlərin gəlib ermənilərin atəşi nəticəsində dağılmış Azərbaycan kəndlərindən reportaj hazırlaması yaxşı nəticə verərdi və İran ictimaiyyəti də vəziyyətlə yaxından tanış olardı…
– Bu günlərdə cəbhə bölgəsinə səfər etmiş xarici media nümayəndə heyətinin tərkibində İran televiziyasının təmsilçisi də vardı. Amma yenə də, Azərbaycan tərəfi belə bir təklif edərsə, biz bunu məmnuniyyətlə dəyərləndirərik.
– Mediadan söz düşmüşkən, bu günlərdə İranda keçirilən seçkilərə xarici müşahidəçilər niyə dəvət olunmadı? Məncə müşahidəçilər, ən azından xarici jurnalistlər seçkini müşahidə eləsələr, İranın seçki mədəniyyəti barədə dünya ictimaiyyətində də anlayış yaranar…
– Biz buna ehtiyac görmürük. Əslində, dünya seçki praktikasında əcnəbi müşahidəçilərin iştirakı heç də ənənəvi mahiyyət daşımır. Məsələn, heç eşitmisiniz ki, ABŞ-da seçkilərə müşahidəçi dəvət olunsun? Avropada da belədir… İranda islam inqilabından sonra ümumilikdə 35 seçki keçirilib. Hansı ki, bura prezident seçkisi də daxildir, parlament də, bələdiyyə də və sair. İranda seçkilər tam azad keçirilir və hətta deyərdim ki, bölgə ölkələrinə nümunə sayılmalıdır.
– İrana mütəmadi təşkil olunan Azərbaycan jurnalistlərinin səfəri davam edəcəkmi? Bir də maraqlıdır ki, indiyədək baş tutan belə səfərlər İran dövlətinə nə kimi xeyirlər gətirib?
– Bu cür səfərlərdən sonra Azərbaycan ictimaiyyətində İranla bağlı hərtərəfli məlumatlar yaranır. Azərbaycan iş adamları da orada olan iş imkanlarından xəbərdar olur, turizm inkişaf edir və sair. Ümumilikdə bu səfərlər nəticəsində Azərbaycan ictimaiyyəti mediadan birbaşa məlumat alır. Ona görə də düşünürəm ki, belə mediaturlar davamlı olmalıdır.
– Prezident Həsən Ruhaninin Azərbaycana səfəri olmalıdır və hətta eşitdiyimə görə texniki məsələlər də həll olunub. Nə vaxt gələcək və hansı müqavilələrin imzalanması nəzərdə tutulub?
– Hələlik, vaxt dəqiqləşdirilməyib. Nə vaxt xəbər olsa media ilə paylaşacağıq. Düşünürəm ki, iki ölkənin marağında olan bütün sahələrdə müzakirələr aparılacaq.