Ermənistan diplomatiyası Azərbaycanı Serj Sarkisyanın irəli sürdüyü şərtlər çərçivəsində danışıqları bərpa etməyə məcbur etmək üçün dünya üzrə geniş təbliğat işinə başalayıb.
ANS PRESS-in məlumatına görə, mayın 2-də Helsinki universitetində çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandayan iddia edib ki, qoşunların təmas xəttində atəşkəsin pozulmasını araşdırmağa imkan verən mexanizmlər yerləşdirilməsinin danışıqların başlamasına imkan yarada bilər.
Nalbandayan danışıqlar prosesinin dayandırılmasında Azərbaycanın günahkar olduğunu iddia edib.
Finlandiya xarici işlər naziri Timo Soini ilə görüşmək üçün Helsinkiyə səfər edən Edvard Nalbandayan rəhbəri Serj Sarksiyanın danışıqlar prosesinin başlaması üçün iddia etdiyi üç şərtdən birini səsləndirib. Erməni prezidentin digər iki şərti isə ünvanlı bəyanatlar, yəni Azərbaycanın qınanması və həmçinin Azərbaycanın hücum etməyəcəyinə zəmanət verilməsidir.
Azərbaycanın atəşkəsin pozulmasını araşdırmağa imkan verən mexanizmlər yerləşdirilməsinə razılıq vermədiyini deyən Nalbandayan məhz buna görə danışıqlar prosesinin dayandırılmasında Azərbaycanın günahkar olduğunu iddia edib. Erməni nazir bununla kifayətlənməyib, Dağlıq Qarağbağın SSRİ tərəfindən zorla Azərbaycanın tərkibinə salındığını iddia edib.
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Huseynli ANS PRESS-ə müsahibəsində Ermənistan tərəfinin bu addımlarını danışıqlar prosesini yayındırmaq kimi dəyərləndirib: «Ermənistan tərəfi bu cür qeyri-real tələblər irəli sürməklə danışıqlar prosesini ləngitmək və vaxt udmaq istəyirlər».
Biz dünyaya sübut etməliyik ki, öz ərazi bütövlüyümüzü təmin edə bilirik.
Qabil Huseynlinin fikrincə, Azərbaycan heç zaman qoşunların təmas xəttində atəşkəsin pozulmasını araşdırmağa imkan verən mexanizmlər yerləşdirilməsinə razılıq verməməlidir: “Əgər Ermənistanla Azərbaycan arasında belə mexanizmlər yerləşdirilsə idi məsələni anlamaq olardı. Amma Azərbaycanın işğal edilmiş ərazi ilə arada belə mexanizmlər yerləşldirməyə icazə vermək olmaz. Biz Sarkisyanın o biri şərtlərini qəbul edə bilmərik. Biz dünyaya sübut etməliyik ki, öz ərazi bütövlüyümüzü təmin edə bilirik. Buna görə də münaqişəni hərb yolu ilə həll etməyə mane olan istənilən vasitənin əleyihinə çıxmalıyıq”.
Əslində, aprelin əvvəlindəki dördgünlük müharibədən sonra dünyada baş verən bir sıra dəyişikliklər Ermənistanın bu təbliğatının uğursuzluqla başa çatacağını ehtimal etməyə imkan yaradır. Azərbaycanla Almaniya arasında münasibətlərin yetərincə soyuq olmasına baxmayaraq, həmin günlərdə Berlinə səfər edən Serc Sarkisyan lazımi dəstək ala bilmədi. Əksinə Almaniya kansleri Angela Merkel münaqişənin Azərbaycanın ərazi bütölüyü çərçivəsində nizamlanmalı olduğunu vurğuladı.
Ən kəskin nöqtəni isə «Deutsche Welle» telekanalı vurdu. Serj Sarkisyandan müsahibə götürən kanal əməkdaşı Ermənistanın Rusiya tərəfindən hiimayə edildiyini bildirdi. Serj Sarkisyan bunun himayə yox, strateji tərəfdaşlıq olduğunu iddia etməyə çalışsa da, almaniyalı jurnalist bu fikri təsdiqləməyib.
Göründüyü, kimi Qarağbağdakı erməni seperatizmini milli azadlıq hərəkatı kimi təqdim etməyə çalışan yalan 1990-cı illər ayaq açsa da, artıq yeriməz hala düşüb. Azərbaycan səylərini bir qədər də artırsa, bütün dünya ölkənin öz ərazi butövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyib alqışlayacaq.