Şuşanın işğal günü ABŞ-da Ermənistan əleyhinə aksiyalar keçiriləcək
8 Türk-Amerikan Cəmiyyəti Assambleyası mayın 8-də ABŞ-ın Vaşinqton, Nyu-York və digər iri şəhərlərində Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyaları keçirəcək.
Bu barədə Moden.az saytına Türkiyənin hərbi naziri olmuş Ənvər Paşanın nəvəsi Osman Mayatepek məlumat verib.
Osman Mayatepek bildirib ki, 8 may ərəfəsində Qərb ölkələri faşizm üzərində qələbənin növbəti ildönümünü qeyd etdiyi bir vaxtda Azərbaycan Şuşanın işğalından hələ də əziyyət çəkir:
“Şuşa 24 ildir ki, Ermənistan tərəfindən işğal olunub. Mayın 8-də Şuşanın işğal günü və Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti ilə əlaqədar etiraz aksiyalar keçirəcəyik. Artıq Ermənistanın Azərbaycana qarşı təcavüzü dayansın.
Bu ərəfədə Qərb ölkələri alman faşizmi üzərində qələbənin 71-ci ildönümünü qeyd edəcək.
Həmin gün Azərbaycan xalqı İkinci Dünya Müharibəsində mübarizə apardığı 600 min insanını xatırlayacaq.
Həmçinin, bununla yanaşı 1990-cı ili əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar və etnik təmizləmə siyasətinin qurbanlarını da yad edəcəklər.
24 il bundan öncə, 1992-ci il mayın 8-də də Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsinin tarixi və mədəni mərkəzi olan Şuşa şəhərin işğal edib”.
Ənvər Paşanın nəvəsi deyib ki, bu il aprel ayının əvvəllərində başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini kəskin atəşə tutmasını pisləyir və buna etiraz edirlər, bütün dünyanı da bunu pisləməyə çağırırlar:
“ 2-5 aprel 2016-cı il tarixlərində Ermənistan silahlı qüvvələri 22 illik atəşkəs haqqında sazişi pozaraq, cəbhə xətti boyunca Azərbaycan yaşayış məntəqələri və mövqelərini şiddətli atəşə məruz qoyub.
Buna görə də Türk-Amerikan Cəmiyyəti Assambleyası Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasətini pisləyir, buna qarşı kəskin etiraz edir”.