Bilinməyən tarix. Osman Batur Xan
1899-cu ildə Altay dağlarının ətəklərində bir türk uşağı anadan olur. Əkinçi atası İslam bəy ona Osman adını verir. Köçəri bir həyat yaşayan bu uşaq hələ 12 yaşında ikən sərrast atıcılığı ilə seçilən bir ovçu olur və yaxşı at sürməyi bacarır. Elə həmin ildə qazax türklərindən olan Böke Baturun yanına gedir, ondan savaşmağı öyrənir.
Türk millətinin istiqlaliyyəti uğrunda vuruşan Böke Batur çinlilərə əsir düşür və boynu vurularaq edam edilir. Bu hadisədən sonra gənc Osman özünə Batur soyadını seçir və “Osman Batur” olur. 40 yaşına qədər əkinçilik etdikdən sonra 1940-cı illərin əvvəllərində davam edən İkinci Dünya müharibəsi dövründə Urumçi, Qulça kimi türk şəhərlərində vəhşiliklərin artdığını görən Osman bəy silahlanaraq Altay dağlarına çıxır.
Çin hökuməti şərq bölgəsində yaponlara məğlub olarkən qərbdə, yəni Türküstanda türkləri zəiflətmək istəyirdi. Elə məhz buna görə də, “Şərqi Türküstan” deyən hər kəs öldürülür, yaxud müxtəlif işkəncələrə məruz qalırdı. Osman Batur isə partisan hərəkatı ilə bütün soydaşlarını işğaldan xilas etməyi hədəf seçmişdi. Və çox qısa müddət ərzində 30 min nəfər istiqlaliyyətçini ətrafına yığmışdı.
22 iyul 1943-cü ildə Bulqun adlanan yerdə keçirilən qurultayda Osman Batur Altay türklərinin Xanı elan edilir. 1945-ci ilin sonlarına kimi Şərqi Türküstanın əhəmiyyətli bir hissəsi müstəqillik qazanmışdı. Artıq sadəcə Çin türkləri deyil, hətta SSRİ-nin tərkibində olan ətraf ərazilərdən – Qazaxıstandan, Altayın şimal bölgələrindən gələn soydaşlar da mübarizəyə qoşulurdu.
Və uzun müddət davam edən Çin vətəndaş müharibəsi 1949-cu ildə başa çatır. Həmin ildə Çinin şimal-qərbində artıq Şərqi Türküstan Cümhuriyyəti yaradılmışdı və Qulça şəhəri paytaxt olaraq müəyyənləşdirilmişdi. “Qızıl Çin İnqilabı”ndan sonra ölkədə “mərkəzləşdirmə” siyasəti yürüdən hökümət Osman Baturun ordusuna qarşı vuruşmaq üçün çox böyük bir ordu göndərdi. Hətta sadəcə Pekin deyil, Kreml də bölgəyə qoşunlarını sövq edirdi.
Zəif silahlanmış, gücünü texnikadan deyil, damarlarındakı qanından alan türk partizanları 1951-ci ildə artıq sadəcə 4 min nəfər qalmışdılar. Kommunist hökuməti müxtəlif vəhşiliklərlə yerli xalqı təslim olmağa məcbur edirdi. Nəhayət, həmin ilin 18 fevral tarixində 250 nəfərlə mühasirəyə alınan Osman Batur Xan Qanambal adlanan bölgədə ailəsi ilə birgə işğal ordusuna əsir düşür.
Batur ailəsi Şərqi Türküstanın əsas şəhəri sayılan Urumçiyə gətirilir. Kommunist əsgərlər öncə Xan ailəsinə müxtəlif işkəncələr tətbiq etdilər. Həm də bu rəzillikləri özbaşına yox, məhkəmə qərarı ilə edən Qızıl Çin ordusu Osman Baturun qızını və həyat yoldaşını onun gözləri önündə vəhşicəsinə öldürür. Daha sonra Xan bütün Urumçi küçələri boyunca süründürülür. Nəhayət, sonda edam yerinə gətirilən Osman Baturun öncə əlləri, sonra qulaqları və ayaqları kəsilir. Xan ölümündən öncə “Mən ölə bilərəm, amma Türk milləti mübarizəyə davam edəcəkdir” deyir və güllələnərək şəhid edilir.
Özünü “insanlığın qurtarıcısı” sayan kommunistlərin törətdiyi vəhşiliklər bununla bitmir. Şərqi Türküstanda yaşayan soydaşlarımız hələ də təqiblərə məruz qalır, onlara qarşı işkəncələr günümüzdə də tətbiq edilir.
Haqqında “And olsun Yaradana, qara yerə and olsun, Vey ırmağı qıyısında ölən Ərə and olsun!” deyə bəhs edilən, dastanlara mövzu olan istiqlaliyyətçi Osman Batur Xan XX əsrdə türk millətinin azadlıq eşqinin, əzminin, mübarizliyinin nümunəsinə çevrilib.
Ötən əsrdə yalnız Osman bəy deyil, Azərbaycanda, Qazaxıstanda, Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda, Krımda və başqa ərazilərdə repressiyalara məruz qalmış 300 mindən artıq soydaşımız da türk millətinin istiqlal eşqinin nümunəsi olaraq tarixə keçib.(virtualaz)
Rüstəm İsmayılbəyli