“Qarabağ” növbəti çempionluğun astanasında
Azərbaycan Premyer Liqasında 32 tura sabah start veriləcək. Bu turun oyunları iki gün ərzində baş tutacaq.
Hesabat turunda Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Zirədə keçiriləcək mərkəzi qarşılaşmanın nəticəsi qalan 4 turu formallığa çevirə bilər. Turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Ardıcıl 3-cü dəfə çempion olmaq üçün Ağdam klubuna 1 xal da kifayət edir.
Qurban Qurbanovun yetirmələri 8 oyundur xal itirmir və 12 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” isə öz meydanında uduzmağı sevmir və lideri də əliboş yola salmaq niyyəyindədir.
Bu oyuna qədər turun digər 4 matçı keçiriləcək. İlk matç günündə “Kəpəz” “Rəvan”ı, AZAL “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Avrokuboklara vəsiqə üçün mübarizə aparan meydan sahibləri autsayderlərlə görüşlərdə xal itirməməyə çalışacaq.
İkinci oyun günündə liderlərdən öncə “bürünc”ün daha iki iddiaçısı meydana çıxacaq. “İnter” və “Qəbələ” ev matçlarında xal hesabını artırmaq üçün “vuruşacaq”. “Bankirlər” iddiası qalmayan “Sumqayıt”, “Qəbələ” isə Avropa Liqası xəyalında olan “Neftçi” ilə üz-üzə gələcək.(PUBLİKA)