Bakı Sərkisyanın şərtini qəbul etməyəcək, çünki… – Qaqriyan
Sərkisyan danışıqlar prosesi tarixində ilk dəfədir ki, hansısa təklif irəli sürür.
Bu fikirlər erməni jurnalist Aykazn Qaqriyanın Ermənistan mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Dördgünlük savaş nəticəsində Azərbaycan status-kvonu dəyişməyi bacarıb.
O, Sərkisyanın təkliflərinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini və buna görə də İrəvanın yeni siyasət formalaşdırmağa hazırlaşdığını bildirib:
“Məntiq deyir ki, danışıqların başlanğıcından etibarən Ermənistan qalib tərəf kimi öz şərtlərini diktə etməli idi. Lakin Ermənistan müharibəni qalib sonluqla başa vurmadı. Üstəlik, əldə olunan qələbə daxili və xarici siyasət nəticəsində itirildi. Ermənistanın mövqeyi danışıqlar prosesində zəiflədi, amma əvəzində Azərbaycan öz mövqelərini gücləndirdi və indi də şərtlərini diktə edir. Dördgünlük müharibə nəinki bundan öncə imzalanan iki atəşkəs müqaviləsini, hətta bütün vasitəçilərin təkliflərini də ləğv etdi”.
Qeyd edək ki, dünən Serj Sərkisyan Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesinin bərpası üçün üç şərt irəli sürüb. Bunlar insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı yeni aqressiyaya və terrora getməyəcəyinə təminatdır.(axar.az)