Sarkisyan-Lavrov görüşünün pərdəarxası – “Axı bu niyə baş verdi?”
Ermənistanın “168 Jam” qəzeti bir neçə gün öncə Yerevana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovla prezident Serj Sarkisyan arasında baş tutan görüşün pərdəarxası məqamlarına toxunub.
Erməni tərəfi Azərbaycan ordusunun Rusiya istehsalı olan silahlardan onlara zərbə endirməsini həzm etməyib və ali rus diplomatına bununla bağlı etirazını bildirib.
“Axı bu niyə baş verdi? Ermənistan prezidenti Serj Sarkisyan 22 apreldə Sergey Lavrovla görüşərkən bu sualı ona vermişdi. Lakin Lavrov cavab verməmişdi, çünki adətən bu cavabı verilməyən suallardan idi. Yaxud cavab verilirdi, sadəcə olaraq ictimai gözdən uzaqda. Həmin suala əslində Rusiya Lavrovun dili ilə deyil, öz hərəkətləri ilə cavab verir.
Müharibə Rusiya üçün təkcə siyasi təkliflərin verilməsi üçün deyil, həm də iqtisadi dividendlər əldə etmək baxımından önəmlidir. Çünki döyüşdə əsasən rus güllələri və mərmilərindən istifadə olunur. Son hadisələr Ermənistanda uzun illər boyu kor-koranə şəkildə Rusiyanın vassalı kimi həyata keçirilən siyasətin tamamilə yenilənməsinə ehtiyac olduğunu göstərdi. Və nə qədər ki, Sarkisyanın “Axı bu niyə baş verdi?” sualına cavab tapılmayıb onda Qarabağda hər gün və hər həftə Rusiya istehsalı olan artilleriya səsləri eşidiləcək”,-deyə qəzet yazıb.