Fransalı deputat Horadizdə
Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer Horadiz şəhərinə səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, səfərdə məqsəd Altkirch şəhəri ilə Azərbaycanın Füzuli rayonunun Horadiz şəhəri arasında növbəti dostluq və əməkdaşlıq xartiyası imzalaqdır.
Füzuli rayonunun girişində Jean-Luc Reitzerin şərəfinə xüsusi rəsmi qarşılanma mərasimi təşkil edilib. Fransalı qonaqları rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun digər rəsmi şəxsləri qarşılayıblar. Milli musiqi sədaları altında milli geyimli qızlar Jean-Luc Reitzerə gül-çiçək dəstələri təqdim ediblər.
Sonra Alı Alıyev və Jean-Luc Reitzer Horadiz şəhərində Altkrich küçəsinin açılış mərasimində iştirak ediblər. Reitzer ilə rayon ictimaiyyətinin görüşü təşkil olunub.
Horadiz və Alkirch şəhərlərini birləşdirən ümumi amillərdən, onların oxşar tarixindən, qonşu ölkələr tərəfindən qeyri-qanuni işğalından bəhs edən Alı Alıyev qeyd edib ki, analoji tarixləri yaşamış Horadiz və Altkirch şəhərləri arasında imzalanan dostluq və əməkdaşlıq xartiyası Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurlu fəaliyyətinin və Azərbaycanla Fransa arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın nəticəsidir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Altkirch şəhərinin meri Jean-Luc Reitzer iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.a