Sərkisyan üçün hansı daha dəhşətlidir? – Erməni KİV
Dünən Ermənistanın Prezidenti Serj Sərkisyan Sisernakaberd memorialına səlahiyyətlilərin müşayiəti ilə deyil, Şarl Aznavur və aktyor Corc Kluni ilə gəldi. Bu rəmzi hərəkət erməni cəmiyyətinin diqqətindən kənarda qalmadı.
Axar.az xəbər verir ki, bu fikirlər Ermənistanın “İragir” saytının şərhində əksini tapıb. Sayt qeyd edib ki, bu fakt Sərkisyanın iflası anlamına gəlir:
“Dördgünlük müharibə hakimiyyətdə olan sistemin daxili konstruksiyasını məhv etdi. Sistem ona əsaslanırdı ki, “biz müharibə etdik və qalib gəldik”. Özünün müharibədə iştirakını hakimiyyətdə olan qurum ictimaiyyətə qarşı silah kimi istifadə edirdi. Yəni “biz müharibədə bu gün varlanmaq hüququnu əldə etmişik”.
Bu açıq mətnlə deyilməsə də, müxtəlif ictimai kanallarla ictimaiyyətə çatdırılırdı. Qeyd etmək lazımdır ki, bu, müəyyən mənada effektiv “fəlsəfə” idi.
Dördgünlük müharibə bu həyati fəlsəfəni tamamilə darmadağın etdi. Bir tərəfdən aprel müharibəsi hakimiyyətin “müharibə bizə müstəsna hüquq verir” fəlsəfəsini dağıtdı, digər tərəfdən hakimiyyətin cinayətkar fəaliyyətsizliyini tam açıqlığı ilə göstərdi”.
Məqalənin müəllifi hesab edir ki, Birinci Qarabağ müharibəsinin “qalibləri” İkinci Qarabağ müharibəsində iştirak hüquqlarını itirib, belə ki, onlar 20 il ərzində silahı xalqına qarşı çevirib və 20 il ərzində şəxsi qazanc əldə etməklə məşğul olublar.
Halbuki bu zaman ərzində Birinci Qarabağ savaşının qələbəsindən əldə olunan nailiyyətləri möhkəmləndirməli və dövlətçiliyi gücləndirməli idilər.
“Hazırda onlar Qarabağı itirməyə görə deyil, 20 il “biz döyüşmüşük” fəlsəfəsinin süquta uğramasının təlaşındadır.
Dördgünlük müharibə göstərdi ki, onlar hətta birinci müharibədə döyüşmüşdülərsə də, sonrakı iyirmi il ərzində onlar Ermənistan ictimaiyyətinə, həmçinin əsgər və zabitlərin ailələrinə qarşı müharibə aparıblar. Dördgünlük müharibə hakimiyyətdə olan zümrənin söykəndiyi dayağı məhv etdi və sistem havadan asılı vəziyyətdə qaldı. Bu vəziyyətdə atılan hər bir addım panikadan qaynaqlanır”, – sayt qeyd edib.