Rasim Musabəyov: “Diplomatiya erməniləri başa salmağa bəs etməsə…”
“Erməni lobbisi Rusiyada da uğursuzluğa düçar oldu”.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin gərgin fonunda ermənilər Moskvanın qondarma “erməni soyqırımı”nı tanıyacağına ümid edirdi: “Lakin Rusiya Federasiyası hökuməti “soyqırım” ilə bağlı “Ədalətli Rusiya” partiyasının qanun layihəsinə mənfi cavab verdi. Hətta Kremlin ən yüksək eşelonlarında ermənilərin etnik yoldaşları belə bununla bağlı heç nə bacarmırlar. Bir neçə gün öncə Azərbaycan ərazilərinin azad olunmasının zəruriliyini ermənilərə başa salmaq üçün İrəvana səfər edən Sergey Lavrovun “soyqırım”ın ildönümü haqda ucadan danışacağına dair gözləntiləri var idi. Lakin nə İrəvanın mərkəzindəki səs-küylü nümayiş, nə təntənəli yürüş, nə də Rusiya səfirliyinə qarşı təhqiredici aksiya heç nəyi dəyişmədi”.
R. Musabəyov qeyd edib ki, dünyada siyasət qışqırıq və yalvarışlarla təyin olunmur.
“Burada dövlətlərin real maraqları və beynəlxalq hüquq əsasdır. Bu ermənilərin xoşuna gəlməyə bilər, amma reallıq budur. Artıq Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı da beynəlxalq hüququn yerinə yetirilməsinin vaxtı çatıb. Əgər diplomatik səylər erməniləri başa salmaq üçün kifayət etməyəcəksə, o zaman, Azərbaycan Ordusu yenidən hərəkətə keçməyə məcbur olacaq”, – deyə politoloq bildirib.