Ermənistan parlamentində dava: Qarabağın qaytarılması və “Kazan sənədi”
Ermənistanlı deputatlar Qarabağla bağlı parlamentin qapalı iclasının keçirilməsini tələb edirlər. Publika.az “Novosti-Armenia”ya istinadən xəbər verir ki, müdafiə nazirini müavini David Tonoyan və xarici işlər nazirinin müavini Savarş Koçaryan deputatlara 2-5 aprel hadisələri haqda məlumat verib. Ermənistan Milli Məclisinin deputatı, sabiq baş nazir Qrant Baqratyan isə buna etiraz edərək, müdafiə və xarici işlər nazirlərinin parlamentə gələrək onlara birbaşa hesabat verməsi tələbini irəli sürüb.
“Biz hamımız Rusiyanı Azərbaycana silah satmaqda ittiham edirik. Amma orduda rabitə vasitələrinin, gecə görmə cihazlarının çatışmazlığının səbəbkarı kimdir? Müdafiə naziri, bura gələrək bununla bağlı hesabat verməlidir”, – deyə o bildirib.
Deputat Xaçatur Kokobelyan isə xarici siyasət idarəsinin işini tənqid edib. Bildirib ki, Ermənistan hakimiyyəti “Kazan sənədi” üzrə aparılan danışıqları ictimaiyyətdən gizlədir: “Xarici işlər naziri aparılan danışıqlarla bağlı hesabat verməlidir”.
Daha sonra hakim partiyanın deputatları ilə müxalifət təmsilçiləri arasında ciddi söz savaşı baş verib.
Müxalifətçi deputatlar hökumətin baş verənlərlə bağlı hesabat verməsi tələbi ilə çıxış ediblər. Vitse-spiker Eduard Şarmazanov məsələyə qarışaraq deputatları sakitliyə dəvət edib.