Bir qrup tələbə Tiflisdə ermənilərə qarşı etiraz aksiyası keçirdi
Bu gün Gürcüstanda Avropa Texniki Universitetinin Hüqüq və Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsi jurnalist Könül Quliyeva «Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyinin «Qarabağ Azərbaycanındır» aksiyasına dəstək məqsədilə aksiya keçirib. Aksiya haqqında Azinforum.az-a məlumat verən K. Quliyeva qeyd edib ki, “Gənc Liderlər Heydər Əliyev Yolunda” Facebook səhifəsi lahiyəsinin rəhbəri Nicat Müslümovun dəvəti ilə bu təşəbbüsə könüllü olaraq dəstək vermək məqsədilə belə bir aksiyaya təşkilatçılıq edib:
“Biz Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr qərara gəldik ki, belə bir təşəbbüsə dəstəyimizi ifadə edək. Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından başlayaraq H.Əliyev parkına qədər bayraqlarla və şüarlarla dinc yürüş təşkil etdik. Tələbələrin könüllü olaraq qatıldığı bu aksiyamız yüksək səviyyədə və insidentsiz başa çatdı. Yerli hüquq-mühafizə orqanları əməkdaşları aksiyamıza açıq müdaxilə etməsələr də mənim kimliyim və aksiyanın məqsədi ilə bağlı ciddi araşdırma aprdılar.
Bilirsiniz ki, aprelin əvvəlində qoşunların təmas xəttində yaşayan mülki əhalimizin intensiv olaraq Ermənistan ordusu tərəfindən ağır silahlardan atəşə tutulması nəticəsində vətəndaşlarımız arasında humanitar fəlakət yaşandı. Təmas xətti boyunca yaşayan qadın, qoca, uşaq bu ərazilərdən daha təhlükəsiz yerlərə köç etmək məcburiyyətində qaldı. Minlərlə şagird təhsil almaq imkanından məhrum oldu, çoxsaylı ictimai əmlaka, əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəydi. Dinc sakinlər arasında xeyli sayda yaralılar və öldürülənlər oldu. Odrumuz qısa müddətlik olsa da uğurlu əməliyyatla düşmənə layiqli cavab verdi və bir neçə əsas əhəmiyyətli yüksəkliklər azad edildi.
Əslində bizim məqsədimiz ona yönəlib ki, dünya ictimaiyyətinin diqqətini müxtəlif vasitələrlə bu problemə yönəldək. Ermənistan dövləti beynəlxalq hüquqa məhəl qoymadan Azərbaycan ərazilərini uzun müddətdir işğalda saxlayır və bu ərazilərdən davamlı olaraq ölkəmizə qarşı təxribatlar törədir. Necə ola bilər ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 23 ildir icra edilmir, AŞPA və Avropa Parlamentinin qətnamələrinə etinasız yanaşılır, işğal edilən torpaqlarda ermənilər qanunsuz məskumlaşmanı, möhkəmlənməni davam etdirir, amma dünya birliyi bu məsələlərə səssiz qalır.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin də sülhyaratma təşəbbüsləri yetərsizdir. Sanki, baş qatmaqla məşğuldurlar. İşğal olunan ərazilərin azad edilməsi üçün Ermənistana təzyiq edilməməsi də böyük müharibə təhlükəsini qaçılmaz edir. Son hərbi toqquşma bir daha sübut etdi ki, bu münaqişə həll edilmədikcə onun hər zaman alovlanma riski qalır. Biz də ölkə vətəndaşları olaraq dövlətimizə əlimizdən gələn dəstəyi verməyə çalışırıq. Məhz bu gün keçirdiyimiz aksiyaları hər fürsətdə könüllü olaraq davam etdirəcəyik”.