Lavrov İrəvanda və Rusiyadan Qarabağ bəyanatı
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb. ANS PRESS-in məlumatına görə, bəyanatda deyilir ki, 1994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan sazişlər müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.
Bəyanatda Rusiyanın münaqişə üzrə qəti mövqeyi də açıqlanıb: “Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994 ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir”.
Sergey Lavrov İrəvana gəlib
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, Lavrov səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Rusiya rəsmisi İrəvana Nalbandyanın dəvəti ilə gəlib. Sergey Lavrov Sisernakaberd və qondarma soyqırım abidəsini ziyarət edəcək.
22 apreldə Ermənistan və Rusiya XİN rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.
Sergey Lavrov son dəfə ötən ilin noyabrında İrəvanda səfərdə olub. O, səfər zamanı Serj Sarkisyan və Edvard Nalbandyanla görüşüb.
Həmin vaxt Sergey Lavrovun Ermənistan hakimiyyəti qarşısında Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı.
Hətta məlumatlarda Lavrovun İrəvan səfərində də bu məsələni müzakirə etdiyi bildirilirdi. Həmin sülh planının Lavrovun ideyası əsasında hazırlandığı barədə məlumatlar yayılmışdı.
Hətta onun Ermənistana səfəri zamanı 7 rayonun qaytarılması ilə bağlı müzakirələr apardığı bildirilirdi.
Amma yayılan məlumatlara aydınlıq gətirən Rusiyanın Ermənistandakı səfirliyi bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfi ilə aparılan danışıqlar çərçivəsində hər hansı ərazinin güzəşt olunması ilə bağlı heç bir məsələ müzakirə olunmayıb.
Daha sonra Lavrov özü də belə bir planın olmaması barədə açıqlama vermişdi. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd yoxdur”, – deyə o bildirmişdi.
Lavrovun İrəvana bu səfəri zamanı da onun münaqişə ilə bağlı xüsusi planının olduğu barədə məlumat yayılıb.