Gəncə gəncləri media sahəsində yeni biliklər qazanır…
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə əməkdaşlığı, “Gəncə 2016- AGP” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Media Məktəbi- 2” layihəsi çərçivəsində ilk təlimlər keçirilib.
3 gün davam edən təlim zamanı 20 nəfərə yaxın gəncə piar sahəsində böyük təcrübəyə sahib Pərvin Piriyev tərəfindən “PR nədir?”, “PR modelləri və funksiyaları”, “informasiya kanalları” və s. mövzular tədris olunmuşdur. Gənclər müxtəliq qrup işləri vasitəsi ilə “PR startegiyasının qurulması”, “informasiya araşdırmaları” və s. kimi tapşırıqlar həyata keçirmişlər.Təlimin sonunda gənclərin təlimdən öyrədiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib və onlar arasında sorğu keçirilərək gələcək təlim və tədbirlərdə təcrübəsini öyrənmək istədikləri media nümayəndələrinin adları öyrənilib. Layihə çərçivəsində iştirakçı gənclərə peşəkar piar menecerlər, media nümayəndələri tərəfindən təlimlər keçiriləcək və onların təcrübələrindən gənclərin yararlanması üçün imkan yaradılacaq.
Layihə rəhbəri Nigar Ələsgərovanın sözlərinə görə təlimdən sonra artıq gənclərdən ibarət qrup formalaşdırılıb. Gənclər layihə çərçivəsində media sahəsində əldə edəcəkləri biliklərdən faydalanaraq, müxtəlif media alətləri vasitəsi ilə Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər paytaxtı statusunun və bu status çərçivəsində keçiriləcək layihələrin, ümumilikdə Gəncə şəhərinin cari ildə fəal həyatını daha geniş kütləyə çatdırmağa xidmət edəcəklər.
Məlumat üçün bildirək ki, 3 ay davam edəcək “Media Məktəbi-2” layihəsinin əsas məqsədi gənclərin yeni media alətlərindən düzgün istifadəsi və bu sahədə yeni biliklərin qazanılmasına xidmət etməkdir. Layihə çərçivəsində Avropa ölkələrinin media ilə bağlı həyata keçirdiyi layihələrdən nümunələri layihə iştirakçısı olan Gəncə gənclərinə təqdim edilməsi, gənclərin sosial mediada fəal iştirakı üçün innovativ vasitələrin tətbiqini genişləndirməsi, həmçinin region gənclərinə sosial mediadan səmərəli istifadə qaydalarının öyrədilməsi əsas istiqamətlərdəndir.