Daşnak erməni: “Azərbaycan vəziyyəti elə dəyişdi ki…”
Ermənistanın diplomatiyası yaxşı vəziyyətdə deyil. Xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağdakı müharibə günlərində və sonra yaxşı işləmədi. XİN daha çox iş görə bilərdi, amma düşünürəm ki, son qiyməti müvafiq strukturlar verməlidir.
News.am bildirir ki, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun parlament fraksiyasının katibi Ağvan Vardanyan ölkədə XİN başçısı EN.Nalbanyanın təcili istefası ilə bağlı tələblərin artması ilə bağlı situasiyanı şərh edərkən belə deyib.
“Aşkardır ki, diplomatiyada çatışmazlıqlarımız var. Azərbaycan son illərdə lobbiçilik fəaliyyəti ilə münasibəti dəyişə bilib. 1994-cü ildən bəri dünya birliyinin müəyyən hissəsində Dağlıq Qarabağ münaqişəsinin xarakteri, tarixi, mahiyyəti ilə bağlı mövqelər Azərbaycanın xeyrinə dəyişib”, – Vardanyan etiraf edib.
Onun sözlərinə görə, 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində dünya birliyi erməni təbliğatının təsiri altında idi.
“Lakin sonra Azərbaycan situasiyanı dəyişdi və dünya birliyi artıq deyir ki, Ermənistan işğalçıdır, Azərbaycan ərazilərinin bir qismini qəsb edib. “Dördgünlük müharibə”dən sonra problemlərimiz daha da artıb. Diplomatiyamızın görməli olduğu çox iş var”, – daşnak A.Vardanyan söyləyib.(milli.az)