“Ağdam. 5 fraqment ” filmi təqdim olundu
Bugün Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatı tərəfindən çəkilən “Ağdam.5 fraqment ” filminin təqdimatı keçirilib.
yknews.az-ın məlumatına görə, tədbirdə filmin yaradıcı heyəti, millət vəkilləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.
Filmin rejissoru Mişel İqor çıxış edərək, Ağdamda törədilənlərin dəhşət olduğunu deyib.
“Ağdam şəhərinin tarixi abidələrinə və təbiətinə ağır zərbə vurulduğunu muşahidə etdim. Bu mənə çox pis təsir etdi. Bunun üçün film lentə almaq qərarına gəldim.Film Ağdamdan olan 5 məcburi köçkün ailəsinin müsahibəsi əsasında çəkilib. Filmin adı da buradan götürülüb. Qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən mənzillər verilib, ancaq buna baxmayaraq onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər .Ümüd edirəm ki, bu film dünyanın çox ölkəsində nümayiş etdiriləcək”.
Deputat Bəxtiyar Əliyev deyib ki, Mişel İqror insanların hisslərini peşəkar şəkildə çatdırmağı bacarıb.
“Ağdam şəhərində törədilənlər böyük faciədir.Ağdam işğal edildikdə 157 min nəfər əhalisi var idi. Filmdə Ağdamın panoraması peşəkarcasına çəkilib. Göründüyü kimi, çox gözəl şəhərdir, ancaq tamamilə dağıdılıb. Bunu edənlərə qarşı tədbir görülməlidir. Doğma torpaqlarından uzaq düşən insanların yurdlarına qayıtması üçün əlimizdən gələni etməliyik. Bunun üçün beynəlxalq təşkilatlar bizə dəstək verməlidirlər”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də filmlə bağlı təəssüratlarını bölüşüb:
“5 fraqmentlə 5 ailənin timsalında 1 milyondan çox qaçqın və məburi köçkünün taleyinin necə bərbad olduğunu gördük. Yaxın tarixdə bir şəhərin bu qədər amansızcasına dağıdılmasının şahidi olmamışıq. Erməni barbarları sanki evlərdən, divarlardan qisas alıblar. Hətta keçən il dünyanı lərzəyə salan İŞİD Suriyanın Palmira şəhərini işğal etsə də, şəhəri tam viran etmədi. Ancaq ermənilər Ağdam şəhərini tamamilə darmadağın etdilər. Azərbaycan işğalla heç vaxt barışmayacaq. Yaponiyanın Hirosima və Naqasaki şəhərləri 1945-ci ildə tamamilə dağıdılsa da, indi həyat bərpa olunub. Ümid edirəm ki, Ağdam şəhəri də işğaldan azad olunandan sonra yenidən qurulacaq”.