“Regionda kifayət qədər müharibə və çaxnaşma var, ona görə yeni müharibənin başlamasına imkan verə bilmərik”. ANS PRESS-in məlumatına görə, bu sözləri Moskvada səfərdə olan İran parlamentinin sədri Əli Laricani deyib.
“İran və Rusiya münaqişənin siyasi yolla həll edilməsi üçün əlindən gələni etməlidir”
“Biz rusiyalı dostlarımızla müharibə odunun regionda yayılmasının qarşısını almalıyıq. Ona görə hər iki ölkə – İran da, Rusiya da Azərbaycan və Ermənistanı münaqişəni siyasi yolla həll etməkdə əmin etmək üçün əlindən gələni etməlidir”, – deyə Laricani əlavə edib. O, eyni zamanda Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla da görüş keçirdiyini və bu haqda müzakirə apardığını bildirib.
Ermənistan aprel ayının 2-də növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib. Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.