Cəbhədə erməni PUA-sı vuruldu
Ermənilərə məxsus PUA məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən ANS PRESS-ə məlumat verilib.
Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.
Bu zaman ANS-in cəbhə xəttinə ezam edilən xüsusi əməkdaşı Vahid Mustafayev erməni Kəşfiyyat Uçuş Aparatının vurulmasını lentə ala bilib.
Cəbhə xəttində vəziyyət aprelin 2-dən gərginləşib. Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.
Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib.
Aprelin 5-də atəşkəs barədə razılıq elan edilib. Buna baxmayaraq erməni silahlıları cəbhə xəttində vəziyyəti gərginləşdirməyə davam edirlər. Hər gün müntəzəm olaraq atəşkəs rejimi pozulur.
Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.