Ona görə Üzeyir bəyi öldürmək istəmişdilər
Bu gün Azərbaycanın ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmədovanın anadan olmasından 119 il keçir.
Publika.az xəbər verir ki, Şövkət Məmmədova 1897-ci ilin bu günü Tiflisdə – kasıb bir ailədə anadan olub. Pinəçi olan atası qızının musiqi istedadını hiss edəndə Şövkətin 6 yaşı var idi. 1910-cu ildə o Qafqaz vilayətinin qubernator müavini, qraf İllarion Vornontsov Daşkovun təşkil etdiyi ziyafətdə çıxış etməsi üçün sponsor axtarışında olub. Atası Milyonçu Hacı Zeynalabdinin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə isə Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin təqaüdü kəsildiyi üçün təhsili yarımçıq qalır və Ş.Məmmədova Rusiyaya qayıtmalı olur.
Şövkət Məmmədova isə əlacısız qalıb, daha sonra təhsilini Tbilisi musiqi məktəbində davam etdirir. Sonradan Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə çıxaran dahi bəstəkər Üzeyir Hacıbəyovu öldürmək qərarına gəlirlər.
1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına daxil olur və konservatoriyada oxuduğu müddətdə bəstəkar Reynqold Qlier ilə tanış olur. Şövkət xanımın təşəbbüsü ilə Qlier Azərbaycana gəlir və musiqi folklorumuzu öyrənir. Bəstəkar səfərindən bəhrələnərək “Şahsənəm” operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.
1921-ci ildən başlayaraq o, Rusiya, Fransa, İtaliya, İran və Gurcustanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub və 1912-ci ildə təhsilini tamamilə bitirib.
Şövkət Məmmədova Opera və Balet Teatrında “Sevilya bərbəri” operasında Rozina, “Riqoletto”da Cilda, “Şah İsmayıl”da Gülzar, “Arşın mal alan”da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Şövkət xanım Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini yaradıb. Bakı Teatr Texnikumu onun təşəbbüsü ilə açılıb. Ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə professional vokal dərsləri verib.
Şövkət Məmmədova 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub. Xalq artisti 1982-ci ilin 8 iyununda Bakıda dünyasını dəyişib.