“Xaçpərəst Qarabağ Bakıya qarşı mübarizəsini davam etdirir”–“SKY İTALİA”
Qərbin bir sıra aparıcı telekanal və nəşrləri aprelin əvvəlində Azərbaycan Ordusunun erməni təxribatına qarşı uğurlu əməliyyatları fonunda ölkəmizin haqlı mövqeyini müdafiə etsə də, işğalçı ermənilərin İrəvan və Xankəndində qurduqları kriminal, terrorçu rejimləri dəstəkləyənlər də var.
Bu günlərdə İtaliyanın tanınmış “Sky İtalia” telekanalı nəinki Azərbaycana, bütün İslam və türk dünyasına qarşı tamamilə düşmən mövqe sərgiləyən bir reportaj yayımlayıb. Dinc vətəndaşları öz torpaqlarından işğalçıların açdığı artilleriya atəşlərindən müdafiə məqsədilə cavab əməliyyatları həyata keçirən milli ordumuzun əsgərlərini guya “dinc ermənilərə divan tutan, insanlığa qarşı cinayət törədən vəhşi qaniçənlər” kimi qələmə verməyə çalışan telekanal münaqişəni dini zəmində də qabartmağa çalışır. Reportajda “xaçpərəst Qarabağ Bakıya qarşı müstəqilliyi uğrunda mübarizəsini davam etdirir”, “Burada, 25 ildir ki, Bakıdan ayrılıb müstəqil olmaq uğrunda mübarizə aparan erməni və xristian Qarabağında münaqişə başlayıb” kimi cümlələrlə öz çirkin niyyətini büruzə verir.