Ermənistan Azərbaycana görə şikayətləndi
“Ermənistan müdafiə məsələlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər strukturlara deyil, yalnız özünə güvənməlidir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərlə açıqlamasında deyib.
“KTMT və digər təşkilatlar Ermənistana birmənalı dəstək verə bilmir”.
“Biz elə etməliyik ki, müttəfiqlərimiz və KTMT ölkələri öz öhdəliklərini yerinə yetirsinlər. KTMT və Ermənistan arasında hərbi əməkdaşlığın müxtəlif sahələrində əlaqələr var. Ona görə də baş katib Nikolay Bordyuja Dağlıq Qarabağda vəziyyət gərginləşən kimi reaksiya verdi və Ermənistana səfər etdi. Bordyujanın bu vəziyyətdə Ermənistana səfər etməsi çox böyük hadisədir”, – deyə XİN rəsmisi bildirib.
Buna baxmayaraq Ermənistan rəsmisi narazı qalıb. O hesab edir ki, KTMT və digər təşkilatlar Ermənistana birmənalı dəstək verə bilmir və ölkə gözlənilməz təhlükələr zamanı ilk növbədə özünə güvənməlidir. “Amma müttəfiqlərimizlə bərabər digər ölkələrlə də münasibətlərimizə əhəmiyyət verməliyik”.
Ermənistan-Azərbaycan təmas xəttində vəziyyət gərginləşəndən sonra rəsmi İrəvan öz müttəfiqlərinin dəstəyini gözləsə də bunu görə bilmədi. Onlar hesab edirlər ki, KTMT-yə daxil olan dövlətlərdən Belarus, Qazaxıstan və Rusiya açıq formada bitərəflik nümayiş etdirdi. Digərləri isə cəbhədəki gərginliyə münasibət bildirməkdən boyun qaçırdılar.
Hətta Qazaxıstan bəzi hallarda Azərbaycanın mövqeyini müdafiə etdi. Çünki KTMT-nin İrəvanda keçirilməsi planlaşdırılan iclası Qazaxıstanın təklifi ilə təxirə salındı. Rəsmi Astana səbəb kimi isə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini göstərdi.
Həmçinin Ermənistanın ən çox güvəndiyi Rusiya da rəsmi İrəvana açıq dəstək göstərmədi. Dördgünlük müharibədə saysız canlı qüvvə və texnikasını itirən Ermənistan fikirləşirdi ki, Azərbaycan təxribatların qarşısını almaq istəsə Rusiyanın etirazı ilə qarşılaşacaq.
Amma Rusiya hər iki tərəfi atəşi dayandırmağa çağırdı. Hətta Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya və İrəvana səfər etdi.
Rusiya həmçinin Ermənistanın açıq etirazlarına, şikayətlərinə baxmayaraq Azərbaycana silah satmağa davam edəcəyini də bəyan etdi.
Hətta ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi halda Ermənistana ehtiyacı olan bütün köməyi alacağını deyən KTMT də ancaq çağırış etməklə kifayətləndi.
Gözlənilən dəstək gəlmədiyi üçün bəzi müxalif qruplar Serj Sarkisyanın Rusiyadan qorxduğu üçün Avrasiya İttifaqına və KTMT-yə daxil olduğunu deməyə başladılar.
Ermənistan Azərbaycanın son cavabından o dərəcədə qorxuya düşüb ki, hərbi qulluqçularla mülki şəxslərin ünsiyyətinə məhdudiyyət qoyub. Hətta ölkənin müdafiə nazirliyi bu haqda videoçarx da hazırlayıb. Bu addımı atmalarında səbəb kimi isə təhlükəsizlik məsələlərinə görə atılıb.
Hərbçilər ilə mülkilər arasında telefonla və ya internet vasitəsilə hərbi xidmətlərlə bağlı məsələləri müzakirə etməməyə çağırıb.