İrəvan Rusiyadan “ermənicə” üz döndərir – Ayrumyan
Ermənistanın uzun illər qorxu içərsində yaşaması ona belini düzəltmək imkanı vermirdi ki, dünya ilə bərabər şəkildə danışsın. Ermənistan Putini uzun müddət “böyük qardaş”ı hesab edirdi, o, “hər şeyi görən göz idi”. Gümrüdə rus əsgərinin erməni ailəsini doğraması Rusiyanın nəyə qadir olduğunu göstərdi. Xalq qəzəblənmişdi, sanki rus hərbi bazasını parça-parça edəcəkdi.
Axar.az xəbər verir ki, bu haqda İragir.am saytının şərhçisi Naira Ayrumyan bildirib. Bu erməni şərhçi də Qarabağdakı son uğursuzluqda Rusiyanı günahlandırıb, Rusiyanın az qala Ermənistanın əvəzinə Qarabağda da döyüşməli olduğunu iddia edib:
“O hadisədən sonra Rusiyanın hər şeyə qadir olduğu, Moskvanı qəzəbləndirməməyin vacibliyi barədə Ermənistanda qorxu vardı. Ancaq aprel müharibəsi bu qorxunu üstələdi. Məlum oldu ki, Rusiya bizim düşməni silahlandırır. Məlum oldu ki, Rusiya bizim düşmənimizin müttəfiqidir və ötən gün İrəvanda Rusiya səfirliyinin önündə izdihamlı mitinq keçirildi. Səfirliyə atılmış iki yumurta Ermənistanın siyasi Pasxasını simvollaşdırdı”.
Müəllif Ermənistanda Rusiya mifi yox olduğunu, Rusiyaya qarşı nifrət yarandığını bildirib:
“Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatından Ermənistanın çıxmaq barədə ərizəsi parlamentə göndərilib. Bu, misli görünməmiş bir addımdır. Yeni mərhələ keçmiş sovet blokunun dağılmasından başlayır”, – Ayrumyan qeyd edib.
Xatırladaq ki, aprel uğursuzluğundan sonra ermənilərin Rusiyanı günahlandırması rus politoloq və media təmsilçilərini də qıcıqlandırıb. Onlar Türkiyə və Azərbaycan arasında blokadada yaşayan İrəvanın Rusiyadan çoxsaylı güzəştlər, o cümlədən, ucuz qaz, investisiyalar, güzəştli kreditlər qopardığını, pulsuz hərbi arsenal aldıqlarını, ermənilərin Rusiyada yaşayıb-işlədiklərini, imtiyazlar əldə etdiklərini xatırladaraq, buna baxmayaraq, Rusiyanın Ermənistanın işğal etdikləri torpaqlarda da vuruşması və Qarabağı Azərbaycandan alıb, Ermənistana vermək tələblərinin “ermənicə bir həyasızlıq” olduğunu bildiriblər.