Son döyüşlərdə itirdiyimiz dəyərli Azərbaycan şəhidlərinin xatirəsi bütün Azərbaycanda əziz tutulur. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Qusarın Cağarqışlaq kəndində yaşayan 20 yaşlı əsgər Əmiraslan Xeyirbəyovun ailəsinin bir təsəlliləri var.
Şəhidin məktəbli qardaşı hər an onun qisasını almağa hazırdır.
Oğullarımız vətənin bütövlüyünün qorunmasında, itirilmiş torpaqlarımızın geri alınmasında qurban gedib, bu uğurlu əməliyyata öz töhfəsini qanı bahasına, canı bahasına verməklə iştirak edib.
Ölkənin şimalında yaşayan ləzgilərin cəsur nümayəndəsi olan Əmiraslan Xeyirbəyovun məktəbli qardaşı və doğma müəllimi də hər an onun qisasını almağa hazırdırlar.
Şəhidin 11-ci sinifdə oxuyan qardaşı Əmrah Xeyirbəyov əsas məqsədinin təkcə qardaşı Əmiraslanın deyil, bütün Azərbaycan şəhidlərinin qanını yerdə qoymamaq və torpaqlarımızı azad etmək olduğunu qeyd edib.
“Qarabağ döyüşlərində axırıncı baş verən hadisələr xalqımız kımi biz ləzgiləri də çox dəhşətə gətirib. Orda olan haqsızlıqlara son qoymaq üçün bütün Qusar əhalisi, kəndimiz, ləzgi xalqı erməni işğalçılarının cavabını vermək üçün hazırdır”, – deyə şəhidin müəllimi Akif Baləhmədov bildirib. Əmiraslanın anası isə oğlunu hərbçi olmaq üçün qulluq etdiyi hərbi hissənin rəhbərliyinə müraciətindən danışıb.
“Ərizə yazmışdı, qalmaq istəyirdi, hərbçi olmaq arzusu idi. Mən elə qorxurdum, deyirdim ki, lazım deyil. Dedi ki, yox ana mən qalacam hərbidə, vətənimizi qoruyacam”, – deyə anası Gülnarə Xeyirbəyova bildirib.
Qusarlılarin igid Əmiraslani tək deyil. Cəbhədə gedən son döyüşlərdə şimal bölgəsindən digər etnik qrupların təmsilçiləri də canından keçərək vətən yolunda şəhid olub. Xaçmazdan olan 22 yaşlı əsgər Elvin Mirzəyev və 27 yaşlı tankçı Elvin Qayıbov tat xalqının nümayəndələridir.
Bu, Azərbaycanda tolerantlığın ən qüksək nümunəsidir. Milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan övladı vətən uğrunda əbədiyyətə qovuşub, Əmiraslan, Elvin, Babək və Ravil kimi!
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.