“Dağlıq Qarabağın statusunu razılaşdırmışdıq, Qorbaçov imkan vermədi…”
Dağlıq Qarabağda münaqişəni qansız həll etmək olardı, ancaq Mixail Qorbaçov və başqaları buna imkan vermədi.
Virtualaz.org xəbər verir ki, bu haqda sovet ordusunun general-leytenantı, 80-ci illərin sonlarında Dağlıq Qarabağdakı münaqişənin nizamlanması üçün SSRİ rəhbərliyinin yaratdığı xüsusi komissiyanın üzvü olmuş Vilen Martirosyan danışıb.
İstefada olan general Martirosyan 1940-cı ildə Gəncədə anadan olub, Kiyevdə hərbi məktəb bitirib və sovet ordusunda xidmət edib. Daha sonra SSRİ Ali Sovetinin deputatı olub.
O Ukraynanın obozrovatel.ua portalına müsahibəsində deyib ki, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan xüsusi komissiyanın üzvü kimi Azərbaycan prezidenti Ayaz Mütəllibov və Ermənistan prezidenti Levon Ter-Petrosyanla danışıqlar aparıb. Bu danışıqlar nəticəsində Dağlıq Qarabağın statusu və münaqişənin dayandırılması barədə ümumi dil tapılıb, tam razılıq əldə olunub. Bu razılığa əsasən Dağlıq Qarabağ xarici işlər, daxili işlər nazirliklərinə malik olan, geniş muxtariyyət verilən bölgə olmalıydı. Azərbaycan isə Laçın dəhlizini tam açaraq Qarabağ ermənilərinin Ermənistanla gediş-gəlişini təmin etməliydi.
“Mən bu razılaşmanın əldə edilməsindən sonra Moskvaya qayıtdım, aeroportdan birbaşa Qorbaçovun kabinetinə yollanıb kompromis variantı ona təqdim etdim. Lakin gecə Qarabağda nəsə baş verdi, qəsdən nəsə törətdilər, vəziyyət yenidən gərginləşdi. Ertəsi gün SSRİ Ali Soveti qərar qəbul etməliydi, ancaq hər şey korlandı”-erməni general deyib.
Martirosyan bildirib ki, o vaxtkı razılaşmanın pozulmasının arxasında Qorbaçov, Ali Sovetin sədri Lukyanov və onların tərəfdaşları dayanırdı. “Çünki Qorbaçoa bu müharibə lazım idi. Necə ki, indi Qarabağda müharibənin başlaması üçüncü dünya müharibəsi törətmək istəyənlərə lazımdır”-o bildirib. Martirosyana görə Qarabağ böhranından dinc çıxış yolu tapmaq mümkündür.