Yurda dönüş: Mərcanlılar geri qayıda bilər
Hazırda Cocuq Mərcanlı kəndində məskunlaşmaq üçün müraciət edən olmayıb.
Bu barədə Axar.az-a Cəbrayıl Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əbil Vəliyev məlumat verib.
O bildirib ki, insanların kənddə məskunlaşmaları ilə bağlı hələ heç bir elan verilməyib:
“Hazırda Cocuq Mərcanlı kəndində məskunlaşmaq üçün müraciət edən olmayıb. Yəqin ki, vətəndaşlar kənddə məskunlaşmaq üçün tam məlumat verilməsini gözləyirlər. Cəbrayıl Rayon İcra hakimiyyəti də bununla bağlı heç bir elan verməyib. Çox güman ki, vətəndaşlar da məhz bundan sonra müraciət edəcəklər. Eyni zamanda, kənddə yaşayış üçün ilk növbədə infrasturuktur da bərpa edilməlidir”.
V.Əbilin sözlərinə görə, müharibədən öncə Cəbrayıl rayonunda 52 min nəfər insan yaşayıb:
“Hazırda isə rayon əhalisinin sayı 71 mindən çoxdur. Cocuq Mərcanlı kəndində müharibədən əvvəl təqribən 1200-ə yaxın insan yaşayırdı. Hazırda o kəndə 1450-ə yaxın insan qeydiyyatdadır. Daimi olaraq isə kənddə yalnız bir ailə məskunlaşıb”.
Rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tapdıq Nəsirov kənddə infrasturuktur işlərinin başlanılması ilə bağlı məsələyə aydınlıq gətirib:
“Cocuq Mərcanlıda yaşayış tam bərpa olunduqdan sonra infrasturuktur işlərinə başlanılacaq. Hazırda o kənddə bir ailə yaşayır. Həmin ailə də heyvandarlıqla məşğul olur. Ancaq yerdə qalan evlər dağıdılıb. Yəqin ki, tapşırıq verildikdən sonra kənddə infrasturuktur bərpa olunacaq. Hələ ki, bununla bağlı heç bir tapşırıq olmayıb. Lələtəpə yüksəkliyi artıq bizdə olduğundan Cocuq Mərcanlı kəndinə heç bir təhlükə yoxdur. İstehkam tam müəyyənləşdikdən sonra bərpa ediləcək ərazilərlə bağlı dövlət səviyyəsində icazə veriləcək. Vətəndaşlar isə bundan sonra kəndə qayıda bilərlər”.
Qeyd edək ki, aprelin 2-də bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə nəticəsində düşmənin mühəndis-istehkam baxımından möhkəmləndirdiyi 1-ci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib, həmçinin, Horadiz şəhərinin Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi düşmən qüvvələrindən geri alınıb.
Lələtəpə yüksəkliyinin ermənilərdən təmizlənməsi ilə Cocuq Mərcanlı kəndinə təhlükə də aradan qalxıb və kənd sakinlərinin öz yurdlarına dönməsinə şərait yaranıb.
Hazırda kənddə cəmi bir ailə – Oqtay Həziyevin ailəsi yaşayır. O, kənd ermənilərin təhdidi altında olanda belə yurdundan çıxmayıb.