Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunda baş verən ölüm hallarını şərh edib. Razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.
Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. “Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır”.
Cəbhə xəttində son günlər baş verən döyüş əməliyyatları zamanı itkilərini gizlədən Ermənistan rəhbərliyi atəşkəs barədə razılıq əldə edildikdən sonra ölən hərbçilərini üzə çıxarmağa başlayıb. Məsələn, elə bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində daha iki erməni hərbçinin ölümü haqqında xəbər yayılıb. ANS PRESS-in məlumatına görə, bu xəbəri erməni mətbuatı özü yayıb.
Məlumata görə, onlardan biri 20 yaşlı əsgər olub. Qevork Aşotoviç Mqdesyan odlu silah yarasından ölüb.
İkinci hərbçi isə muzdlu – 32 yaşlı Qraç Salveloviç Muradyan olub. Erməni mətbuatı təmas xəttində yaralananların da olduğunu yazıb.