Ermənistanın cəbhə təxribatının ŞOK səbəbləri: Enerji layihələrimizə TƏHDİD
Son günlər Ermənistanın cəbhə xəttində Azərbaycana qarşı həyata keçirmək istədiyi təxribatların səbəbi üzə çıxmaqdadır.
Publika.az Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir ki, Ermənistanın son günlər ağır silahlarla Azərbaycana qarşı atəş açmasının əsl səbəbi Xəzər dənizinin zəngin qaz ehtiyatlarını Avropa Birliyinə daşıyacaq “Trans-Anadolu Qaz Boru Kəməri” (TANAP) layihəsini pozmaqdır.
Qəzet yazır ki, hazırda TANAP layihəsinin reallaşmasını istəməyən əsas dövlət Rusiyadır: “Son günlər Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını da başladan dövlət məhz Rusiyadır. TANAP Xəzər dənizindən çıxan təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Türkiyənin Orta Şərqdə yerləşən üç vacib təbii qaz koordiroru layihəsi İŞİD və PYD terror təşkilatlarının törətdiyi təxribatlar səbəbindən ertələnərkən, Cənubi Qafqazdan başlayan TANAP layihəsi isə Qarabağ münaqişəsi ilə üzləşib. Təbii ki, bu münaqişəni də Rusiya alovlandırır ki, TANAP layihəsi reallaşmasın və yaxud da gec reallaşsın”.
Məsələ ilə bağlı danışan Beynəlxalq Enerji İqtisadi Birliyinin rəhbəri Gürkan Kumbaroğlu isə deyir ki, aprelin 2-də Ermənistanın təxribatları ilə başladılan döyüşlərin əsas səbəbi 5 il sonra Avropa Birliyinə təbii qaz çatdıracaq TANAP layihəsinin Ermənistan ərazisindən keçməsinə razılıq əldə etməkdir: “Çünki Cənubi Qafqaz ölkələri arasında yeganə Ermənistan işğalçı siyasətinə görə TANAP layihəsindən kənarda qalır. Ermənistan isə Rusiyanın yaxın müttəfiqidir. Rusiya təzyiqləri artıracaq ki, ya bu layihə reallaşmasın, ya da Ermənistan da bu layihədə iştirak etsin”.