Şuşalılar: Doğma torpaqları azad etməyə hazırıq
Aprelin 5-də Bakıdakı Şuşa şəhər 1 nömrəli tam orta məktəbində Şuşa rayon ictimaiyyətinin Ermənistanın Azərbaycana hərbi təxribatı və ordumuzun buna layiqli cavabı ilə bağlı toplantısı olub. Tədbir Şuşa Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri-icma rəhbəri Bayram Səfərov Dağlıq Qarabağda son dövrlər erməni silahlı qüvvələri tərəfindən törədilən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından danışıb. B.Səfərov artıq bir neçə gündür mənfur qonşularımız tərəfindən Azərbaycanın kəndlərinin, yaşayış məntəqələrinin atəşə tutulduğunu, hərbi mövqelərimizə ardıcıl zərbələr endirildiyini, lakin düşmənə ordumuz tərəfindən layiqli cavab verildiyini vurğulayıb.
Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən söz açıb. Ordumuzun vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruduğunu vurğulayan deputat ermənilərin növbəti təxribatının qarşısının ordumuz tərəfindən qəhrəmanlıqla alındığını və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, böyük zəfər qazanıldığını bildirib.
Digər çıxış edənlər də Qarabağ münaqişəsinin tarixi və mahiyyəti barədə danışıb, ərazi bütövlüyümüzün beynəlxalq sənədlərdə əksini tapdığını vurğulayıblar. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə çalışdığını, lakin ərazi bütövlüyünün bərpası üçün hərbi vasitələrdən istifadə etməyə də hazır olduğunu bildiriblər.
|
|||||
|