QƏLƏBƏYƏ ƏZMLƏ-ƏDALƏTLİ SÜLHƏ İNAMLA!
Bu gün Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində “Qələbəyə əzmlə- ədalətli sülhə inamla” mövzusunda tədbir keçirdi.
Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq ermənistanın 2 aprel 2016-cı il tarixdən etibarən təmas xətti boyunca atəşkəsi yenidən pozmasını, dinc əhalinin yaşadığı kənd və qəsəbələri ağır silahlardan-artilleriyadan atəşə tutmasını cəzasızlıqdan azğınlaşmış terrorçu bir rejimin növbəti təcavüz aktını həyata keçirmək cəhdi olduğunu bildirdi.
Natiq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına son dərəcə uğurlu səfərinin davam etdiyi bir vaxtda cəbhə boyu gərginliyin planlı surətdə ermənistan tərəfindən artırılmasını bu işğalçı forpostun son çırpıntılarından başqa bir şey olmadığını qeyd etdi.
Öz havadarlarının diqtəsi və dəstəyilə atəşkəsi mütəmadi olaraq pozan, beynəlxalq hüquq normalarını, BMT-nin qətnamələrini daim heçə sayan ermənistanın bu hərəkətləri təbiiki Azərbaycanın səbr kasasını daşdırdı. Rəşadətli Azərbaycan ordusunun bir həmləsiylə darmadağın olan terrorçu birləşmələrin canlı qüvvə və texnika baxımından böyük itkilər verməsi, ordumuzun işğal altındakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi düşmən qüvvələrin panikaya düşməsinə, silahlarını ataraq arxa səngərləridə boşaldıb qaçmasına gətirib çıxardı.
Terroru və təcavüzü özünün dövlət siyasətinə çevirən, diaspor təşkilatlarının köməyilə özünü havadarlarının ərköyün uşağı kimi aparan ermənistan hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin düyünlənmiş yumruğunun qarşısında tab gətirə bilmədi.
Bu dəqiqə bütün Xalqımızın qəlbi ön cəbhəylə döyünür. Hər an Cənab Ali Baş Komandanımızın bir əmri kifayətdirki bu erməni terrorçularını, işğalçılarını Vətən torpağından süpürüb tarixin zibil yeşiyinə ataq -deyən natiq qələbənin uzaqda olmadığını bildirdi.
Tədbirdə çıxış edən digər natiqlər: Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, Sağlam İnkişaf və Marifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Müşaviri Hamid Karadeniz, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əməkdaşlıq Təşkilatının sədri Nazim Əhmədli, Gürcüstan Azərbaycanlıları Konqresinin Prezidenti Əli Babayev, İqtisad Universitetinin müəllimi Xankişi Xankişiyev, Qarabağ Qazisi Habil Şirinov, Laçın rayon icra Hakimiyyətinin əməkdaşı Niftalı Manafov, Azadlıq Hərəkatçıları ictimai birliyinin sədri Təhmasib Növruzov və başqaları ermənistan hakimiyyətinin təcavüzkar siyasətinin öz xalqına baha başa gəldiyini, erməni əhalisinin bu cinayətkar rejimdən canını qurtarmağa çalışdıqlarını bildirdilər. Öz övladlarının Qarabağda ölməsinə etiraz edən erməni əhalisi cinayətkar Sərkisyan rejiminin istefa verməsini, Qarabağın əsil sahiblərinə qaytarılmasını deməkdən belə çəkinmirlər.
Təhlükəsizlik Şurasının son iclasında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin -“ermənilər ölmək istəmirlərsə işğal etdikləri ərazilərdən rədd olub getsinlər” mesajı bu gün ermənistan tərəfinin böyük təşviş keçirməsinə səbəb olmuşdur.
Bunun nəticəsidir ki, təmas xətində Azərbaycan və ermənistan tərəfindən müəyyən postlar qurulmuşdur. Bu postların missiyası erməni tərəfdən səngərdən qaçan, fərarilik edən ermənilərin qarşısını almaqdan, Azərbaycan tərəfdən qurulan postların məqsədi isə könüllü olaraq döyüşə girmək istəyən Vətən övladlarının qarşısını almaqdan ibarətdir.
Çıxış edən natiqlər Türkiyə, Pakistan, Türkmənistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Belorusiya rəsmilərinin Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsi, bir çox beynəlxalq təşkilatların ermənistanın gözlədiyi mövqeyi sərgiləməməsi bu separatçı forpostun rəhbərliyini şok vəziyyətinə salmışdır.
Azərbaycan Xalqında olan inam, iradə, Silahlı qüvvələrimizin peşəkarlığı, vətənpərvərliyi və döyüş əzmi, qarşı tərəfin isə qorxu, xof və panika içərisində qaçmağı üstün tutması onu deməyə əsas verirki işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik və Vətən torpaqlarını terrorçulardan birdəfəlik təmizləyəcəyik-deyə natiqlər bəyan etdilər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin ali Baş Komandanı Cənab ilham Əliyevə və bir çox beynəlxalq təşkilatlara müraciət qəbul edildi.