Yaxın tarix. Qırmızı Bayraq Ordenli ilk azərbaycanlı
Çingiz İldırımın adı əvvəlki nəsillərə yazıçı Firudin Ağayevin “İldırım dənizdən çaxır” və “İldırım ömrü” romanları, bu əsərlər əsasında çəkilmiş “İşarəni dənizdən gözləyir” bədii filmindən tanışdır. O, Sovet Azərbaycanının ilk dəniz komissarı, Qırmızı Bayraq Ordeni alan ilk azərbaycanlı, “Lenin” ordeninin sahibi, “Maqnitkanın rəisi” idi.
Onun 49 illik ömrü Yelizavetpol (Gəncə) quberniyasının Qubadlı kəndində (indiki Qubadlı rayonu) başlayır. 1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlir. Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olur və 2 oğlunu – Çingizlə Cabbarı həmin məktəbdə oxutdurur. Kənd məktəbindən sonra Çingiz Şuşadakı realnı məktəbdə və Vlidiqafqazda təhsil alır.
1906-cı ildə Çingiz Sankt-Peterburqa ali təhsil dalınca yollanır və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunur. Ali təhsilini 1916-cı ildə başa vurandan sonra oradakı “Ayvaz” zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlayır.
Tezliklə Petroqradı inqilabi hadisələr ağuşuna alır. Gənc Çingiz bolşeviklərə qoşulur, Qış Sarayının alınmasında iştirak edir, RSFSR Xalq Komissarları Sovetində müsəlmanlarla iş üzrə Büroya rəhbərlik edir. Petroqradda müsəlman hərbi eskadronu (“İldırımiyyə”) yaradır, fəhlə və əsgər deputatları Sovetinə deputat seçilir.
1919-cu ilin əvvəlində Azərbaycana qayıdır. ADR hökumətindən vəzifə alır – Qarabağ general-qubernatorluğu yanındakı Şuraya üzv təyin olunur (Qarabağın general-qubernatoru onun əmisi oğlu Xosrov bəy Sultanov idi).
Avqustda o, artıq Bakı limanı rəisinin baş köməkçisi və eyni vaxtda da hərbi limanın rəis müavinidir. Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunur. Onun sayəsində məşhur generallar Səməd Mehmandarov və Əliağa Şıxlinski Sovet hakimiyyəti ilə əməkdaşlığa razı olurlar.
1922-ci ildə onu çox çətin və məsuliyyətli vəzifəyə təyin edirlər -sənaye vergisi (“prednaloq”) yığımı üzrə fövqəladə səlahiyyətli şəxs təyin olunur Bakı-Culfa dəmir yolunun çəkilişinə rəhbərlik edir, Bakı tramvayının (bu, SSRİ dövrünün ilk tramvayı idi) tikintisinə rəhbərlik edənlərdən biri olur, 1926-cı ildə isə Bakı-Sabunçu elektrik dəmiryolunun tikintisinə başçılıq edir (bu, SSRİ dövründə elektrikləşdirilmiş ilk dəmiryolu xətti idi).
1928-ci ildə Çingiz İldırıma yeni vəzifə tapşırılıq – o, poçt və teleqraf Xalq komissarıdır. 1 il keçir və Moskvaya çağırılır. Ona həmin vaxt dünyanın ən iri metallurgiya zavodu olacaq “Maqnitka”nın (Maqnitoqorsk metallurgiya kombinatı) tikintisinə başçılıq etmək nəsib olur.
Maqnitoqorsk metallurgiya müəssisəsinin tikintisinə dair qərar 1929-cu ilin yanvarında verilir. 3 il ərzində tikintisi başa çatdırılması olan kombinat gündə 2,5 milyon ton çuqun verməklə dünyanın ən iri müəssisəsi olmalıydı. Böyük Vətən müharibəsi dövründə hər 2-ci tank və hər 2-ci mərmi məhz “Maqnitka”nın metalından hazırlanacaqdı.
Çingiz tikinti rəisinin müavini təyin olunur və 1930-cu ilin aprelində Maqnitoqorska yola düşür. Artıq yaşı 40-a çatsa da, Çingiz İldırım ailə qurmamışdı və öz balaca çemodanını da götürərək “Moskva-Sverdlovsk” qatarı ilə Urala yollanır. Bir neçə gündən sonra tikintinin rəhbərini Moskvaya çağırdılar və bütün idarəçilik Çingiz İldırımın çiyinlərinə düşür. 1930-cu il, iyulun 5-ini Maqnitoqorsk şəhərinin əsasının qoyulduğu gün sayırlar. Həmi günlərdə İldırım dostu Sergey Kirova məktubunda şəraiti bu cür təsvir edirdi:
“Əziz Mironıç!
Asiyadan kürdün raportunu qəbul et! (Çingiz İldırım mənsubiyyətcə kürd idi – Red.) Nəhəng tikintidə hərarət -23-25 dərəcə soyuqdur. Kürdün dözümlülüyü 5-ballıq şkala ilə 4,5-dir. Yemək təşkil olunmayıb. Mənzil yoxdur. Hələlik ömür mehmanxanada keçir…”
“Maqnitka”nın tikintisi Qərbdən alınan texnika və dəzgahlardan olduqca çox asılı idi, bu təchizat isə bir çox hallarda gecikir, yaxud açıq-aşkar sabotaj olunurdu. Belə bir vaxtda Sovet hökuməti Çingiz İldırımı Avropa və Amerikaya yollamaq qərarına gəlir.
Yola salma mərasimində Serqo Orconikidze Çingizə deyir: “Bizim ABŞ-da hələlik səfirliyimiz yoxdur. Sən orada Maqnitkanın Fövqəladə və səlahiyyətli səfiri olacaqsan”. 1931-ci ilin yazında Çingiz əvvəlcə Berlinə və Hamburqa yollanır, sonra isə okeanın o tayına – ABŞ-a səfər başlayır. ABŞ-dan 1932-ci ilin yanvarında dönür. Yanvarın 31-də Maqnitkanın istismarına başlanılır – ilk domna sobası işə başlayır. 2-ci domna işə düşəndə Çingiz artıq Moskvada idi. O, Azərbaycana qayıtmaq və Daşkəsəndə metallurgiya kombinatının tikintisinə başlamaq arzusunda idi, ancaq onu Daşkəsənə yox, Krivoy-Roqa metallurgiya kombinatının tikintisinə rəhbərlik etməyə yollayırlar.
1937-ci ilin 7 iyuluna – NKVD tərəfindən həbs olunana qədər o, Krivoy Roqda çalışır. Həmin vaxt o, yerli metallurgiya kombinatının tikintisində rəis müavini idi.
Sonralar jurnalist Lev Polonski İldırımın həbsinin şahidi olan Yevgeniya Vesnik ilə görüşüb həmin günün detallarını öyrənəcəkdi. Yevgeniya Vesnik Çingizin köhnə dostu, hərbi komissar, inqilabçı Yakov Vesnikin həyat yoldaşı, sonralar məşur Sovet aktyoru olacaq Yevgeni Vesnikin (1923-2009) anası idi. Yakovla Çingizi uzun illərin dostluğ bağlayırdı. Peterburqda bir yerdə təsil almış, “Ayvaz” zavodunda çalışmış, Azərbaycanda Sovet hakimiyyətinin qurucuları olmuşdular. Sonralar Maqnitkada bir yerdə işləmiş, indi də Krivoy-Roq metallurgiya kombinatını tikirdilər. Onlar eyni evdə yaşayır, subay Çingiz İldırım tez-tez Vesniklərin süfrəsində şam edirdi.
Yevgeniya Vesnik xatırlayır ki, 3 formalı və şəxs gəlir, evin altını üstünə çevirirlər. Çingizi aparanda o, özü ilə Kirovun imzayla bağışlanmış fotosunu götürmək istəyir – icazə vermirlər. Yakov Vesnik axşam evə gəlib hadisədən xəbər tutan kimi Moskvaya yollanmaq qərarına gəlir.
“- Çingizi həbs etdilər və onu xilas etmək niyyəti ilə Yakov Vesnik təyyarə ilə Moskvaya yollandı (O vaxt tikintinin öz təyyarəsi vardı). O, NKVD-yə, Yejovun yanına getdi və geri qayıtmadı”, – Yevgeniya Vesnik xatırlayırdı.
Ərinin ardınca onun özünü də həbs edirlər və azadlığına bir də Stalinin ölümündən sonra qovuşur.
***
Çingizi nədə ittiham edirdilər? Məsələn, həmin vaxt Bakıda “əksinqilabçı trotskiçi təşkilat”ın üstü açılıb və həbs olunanlardan Çingiz İldırımın əleyinə ifadələr alınıb. Guya ki, Bakını 1930-cu ildə tərk etmiş Çingiz onlarla əlbir olub Sovet dövlətini devirəcəkmiş. Yaxud, Maqnitoqorsk metallurgiya kombinatının tikintisi zamanı yanğınlar da olurdu, qəzalar da, material çatışmazlığı da. İndi həmin çatışmazlıqları Çingiz İldırımın məqsədyönlü ziyankarlığı kimi qələmə verirdilər. Üstəgəl, onun danışıqlar üçün Almaniya və ABŞ-da olmasını da əleyhinə kompromata çevirirdilər: guya ki, Çingiz ABŞ-da casusluq işinə cəlb olunub.
Bununla da Çingizin məşəqqətli türmə həyatı başlayır. Onu dindirmək üçün Dnepropetrovska aparırlar, təkadamlıq kamerada saxlayırlar. Bir müddət sonra Bakıya etap edirlər və Bayıl türməsinə salırlar. Sonra yenə Dnepropetrovska. Sonra yenə Bakıya. Nəhayət Bakıdan Moskvaya, Lefortovo türməsinə. Ən sonunda isə Çingizi o vaxtın ən qorxulu məhbəslərindən biri sayılan Suxanovo monastırındakı türməyə yollayırlar. Burada da onun izi itir.
Bakıda onun böyük qardaşı Cabbar və qardaşı qızı Mehparə yaşayırdı. Onlar Çingizin müdafiəsinə qalxırlar: günahsızlığını sübut etməyə, saxlandığı dözülməz şəraiti yüngülləşdirməyə çalışırlar. Çingiz həbsdə olanda belə Mehparə otağından asılmış portreti – Çingizin amerikalı rəssam Rolf Stoll tərəfindən çəkilmiş şəklini çıxarmır.
Avqustun 6-da İldırım Dnepropetrovskdan Bakıya gətirilir. Mehparə əmisinin görüşünə gedir və ona ərzaq, paltar, məişət əşyaları, pul aparır. Əşyaların təhvil-təsliminə dair qəbzlər onların ailəsində bir relikviya kimi onillərlə saxlanılır. Məsələn, 4703 nömrəli qəbzdə məhbusa nazik, uzunluğu 1,5 metrdən, eni 1 metrdən böyük olmamaqla ədyal gətirilməsi göstərişi var.
Həmin ilin sonunda onu yenidən Dnepropetrovska aparırlar və Mehparə əmisinin ardınca yola düşür. O dövrdə Çingiz İldırım kimi məşhur siyasi məhbusla görüş almaq qeyri-mümkün idi. Ancaq Mehparə bu cür görüşə nail olur. Bir müddət keçir, Çingizi yenidən Bakıya gətirirlər və o, 1939-cu ilə qədər Azərbaycan NKVD-sinin daxili türməsində, Bayıl türməsinin ümumi kamerasında saxlanılır. Sonra yenidən “istintaqın davamı üçün” əvvəl Dnepropetrovska, oradan da Moskvaya aparırlar. Bu məşəqqətli yerdəyişlərin özü də ağır işgəncə idi. Çingiz İldırım “SSRİ düşməni”, “trotskiçi” olduğunu boynuna almır və heç kəsin əleyhinə ifadə vermir.
***
Mehparə birbaşa Stalinə məktub yazır:
“Əziz Stalin yoldaş! Sizə dərin dərdimlə müraciət edib kömək istəyirəm. Mən əslən Qubadlıdanam və Krivoy-Roqda həbs olunmuş Çingiz İldırımın qardaşı qızıyam. Çox vaxt keçib, ancaq NKVD orqanları istintaqı hələ də bitirməyib və dayımı bir şəhərdən digərinə göndərməkdə davam edir.
Çingiz İldırım bütün ömrünü Sizə və partiyaya xidmətdə keçirib, gizli fəaliyyəti dövründə ən çətin və risqli tapşırıqları yerinə yetirib. Əksinqilabçılar arasında özünə çoxlu düşmən qazanıb və bu vicdanlı əmək adamını məhv etmək niyyətilə onlar müxtəlif donoslar yazırlar. Çingiz tamamilə günahsızdır, ancaq düşmənləri onun işini o qədər qarışdırıb ki, NKVD orqanları da kələfi aça bilmir. Sizdən xahiş edirəm, onun işini sürətləndirmək xahişimi yerə salmayasız. Əmim xain deyil, əksinqilabçı deyil və donosçular onu şərləyirlər”.
Bakıda həkim işləyən böyük qardaş Cabbar da Moskvaya yola düşür, gah Kursk vağzalının istirahət otağında, gah tələbə yoldaşlarının mənzillərində gecələyir və Çingizin taleyini yüngülləşdirmək cəhdləri edir.
Müstəntiqlər isə Çingizin “cinayət işi”nə hətta 1920-ci illərlə bağlı epizodları da əlavə edirlər. O, bəy oğlu olduğundan, həmin vaxt növbəti “partiya təmizlənməsi” prosesində hətta partiyadan çıxarılması məsələsi müzakirə olunubmuş. Yəni, Çingiz sinfi mənsubiyyətinə görə proletar deyildi.
Azərbaycanda isə bir çox tanınmış bolşeviklər risqə baxmayaraq Çingiz İldırımın müdafiəsinə qalxırlar. İnqilabi fəaliyyətini hələ 19-cu əsrin sonlarında Bakıda başlamış qocaman bolşevik V.Naneyşvili Azərbaycan KP-nın nəzarət komissiyasına yazır:
“Təsadüfən öyrəndim ki, yoldaş İldırım sizin tərəfinizdən məsuliyyətə cəlb olunub, ancaq hansı səbəbdən – bilmirəm. Onun barəsində bilgi verməyi özümə partiya borcu bilirəm. Yoldaş İldırımla Azərbaycanda çevrilişdən 2-3 ay əvvəl tanış olmuşam. O, hərbi limanın rəis köməkçisi olmaqla bizə bir çox qiymətli məlumatlar verib. Aprelin 27-si tarixi gecəsində o, hərbi donanmanı dənizə çıxarmağı və hökumətə təslim olmaq üçün ultimatum verməyi təklif edib”.
Digər bolşevik – Mirzə Davud Hüseynov həmin mətnə əlavə edir: “Yazılanları tam təsdiqləyirəm… Öz enerjisinə və əqidəsinə görə yoldaş İldırım bizim nadir yoldaşlarımızdandır”. Bir azdan özləri də repressiyaya məruz qalacaq Əliheydər Qarayev, Dadaş Bünyadzadə, Yakov Lukyanenko Qafqaz komissiyasına kollektiv məktub yazırlar.
İstintaq zamanı sınmayan Çingiz İldırımı əvvəlcə Lubyankadan Lefortovoya, sonra isə məxfi Suxanovo türməsinə köçürürlər. Bu türmə onun son dayanacaq yeri olur.
Suxanovo türməsində Çingizin həyatı barədə yeganə şahidlik edən şəxs Xarici İşlər Komissarlığının əməkdaşı Yevgeni Qnedindir (1898-1983). Məşhur sosial-demokrat Aleksandr Parvusun oğlu, diplomat və jurnalist Qnedin 1939-cu ildə həbs olunaraq 1 ildən çox Suxanovo monastırındakı türmədə saxlanılır. 1953-cü ildə qədər sürgündə olur və 3 il sonra bəraət alır. O, ömrünün sonlarında xatirələrini yazır və Çingiz İldırımın ömrünün son günlərindən də söz açır.
Yevgeni Qnedinin 1982-ci ildə işıq üzü görmüş “Türmənin kor dalanında. Suxanovo günləri” xatirələr kitabıdan:
“Mənim salındığım kamerada artıq başqa məhbus vardı. Əvvəl-əvvəl o, söhbətdən qaçırdı. Ondan harada olduğumuzu soruşanda lakonik cavab verdi: “Özünüz görürsüz…” Orada biz üz-üzə, hərə öz kətilində, kürəklərimizi divara söykəyərək otururduq. Başqa cür oturmaq mümkün də deyildi, böyrü isə oturmaq əlverişsizdi, gəzmək mümkün deyildi, uzanmağa isə yer yoxdu.
Mən maraqla gümüşü saçlı, kədərli və məzmunlu qara gözləri olan bu insanın yaraşıqlı, solğun sifətini nəzərdən keçirdim. Dərhal da onun sifətində mərdlik və zərif düşüncə adamlarına xas lirizmin ahəngini sezdim. O, Oktyabr inqilabının iştirakçısı, istedadlı mühəndis, ədəbiyyatın dərin bilicisi, uzun illər Kirova çox yaxın olmuş cəlbedici şəxsiyyət – Çingiz İldırım idi. Mən tibbi yardımdan çox, mənəvi yardıma ehtiyac duyurdum. Həmin yardımı mənə Çingiz İldırım göstərdi…
Biz görüşəndə o, artıq 2 ildən çox türmədə idi. Çingiz İldırım Orconikidze, Kirov barədə danışdıqları çox maraqlı idi. O, şübhələnirdi ki, bizə qulaq asırlar, ona görə də sonra təxribat və böhtan kimi əleyhinə istifadə edilə biləcək mövzulara toxunmamağa çalışırdı.
Biz 2 həftə bir kamerada olduq. Kədərli gün gəlib çatdı – onu əşyaları ilə birlikdə bayıra çağırdılar. Tələsik toparlandı, çox həyəcanlı idi, qapıya çatanda geri çevrildi və sağollaşdı. Həmişəlik onun ağappaq sifətini və kömür kimi qara gözlərini yaddaşıma həkk etdim…”
***
Çingiz İldırımı 2 illik işgəncələrlə sındıra bilmirlər. O, “günahları”nı boynuna almır, heç kəsə qarşı da ifadə vermir. Məhkəməsi qapalı keçirilir, heç nəyi sübut edə bilmədiklərinə görə ona ölüm hökmü yox, 10 il həbs hökmü çıxarılır.
Buna baxmayaraq, Çingiz İldırımı güllələyirlər…
Məmməd Süleymanov
Virtualaz.org