Müharibə dayandı, həmsədrlər gəlir
ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın günlərdə Bakıya, İrəvana və Dağlıq Qarabağa səfər edəcək.
“RİA Novosti” xəbər verir ki, bu haqda Fransa XİN-in rəsmi nümayəndəsi Roman Nadal keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Fransa tərəflərin hərbi əməliyyatları dayandırması üçün səylər göstərib. Ötən şənbə günü xarici işlər naziri Jan-Mark Eyro Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları aparıb.
“O, Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin dinc və dayanıqlı həllinə yönəlmiş səylərini təsdiq edib. Tərəflərin razılığına əsasən amerikalı, rusiyalı və fransalı həmsədrlər yaxın günlərdə Bakı və İrəvana, habelə Dağlıq Qarabağa gedəcək”, – Fransa XİN-in rəsmisi deyib.
* * *15:45
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, hazırda atəşkəslə bağlı sənəd hazırlanır.
“Sənəd barədə ətraflı məlumat verməyə səlahiyyətli deyiləm”, – mətbuat katibi belə deyib.
Virtualaz.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
* * *15:40
Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bununla bağlı hələlik açıqlama verməyib.