“Başımıza top atırlar…” – Millət vəkili
Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov qələbələrimizə görə gənclərimizi təbrik edib.
“Qafqazinfo”nun məlumatına görə, parlamentin bugünkü iclasında deputat bildirib ki, ermənilər post quraraq əsgərlərin qaçmamasına çalışır. Azərbaycan isə post qurur ki, hərbi cəbhəyə getmək istəyən könüllülərimizin qarşısını alaq.
“Gənclər arasında böyük sevgi və coşqu var. Bu istiqamətdə Ali Baş Komandanın hər bir əmri bizim üçün əsas istiqamət olaraq qalır. Bundan sonra da bu istiqamətdə işlər gedəcək”.
Ombudsmanın hesabatına toxunan deputat qeyd edib ki, məruzə geniş və bütün sahələri ətraflı əhatə edib.
“Ombudsman İnstitutunun beynəlxalq çərçivədə də böyük nüfuzu var. Elmira Süleymanovadan xahiş edərdim ki, öz nüfuzundan istifadə edərək ermənilər tərəfindən həyata keçirilən dəhşətlər, sakinlərimizin qırılması, xüsusən azyaşlı uşaqların ölməsində birbaşa iştirak edən Serj Sərkisyan və onun ətrafında olan insanlarla bağlı beynəlxalq ombudsman şəbəkəsinə müraciət olunsun.
Dünyada hərbi cinayətlərin ədalət məhkəməsinə çıxması başlayıb və orada bir nömrəli namizəd də Serj Sərkisyandır. Eyni zamanda sizin fəaliyyət illərində həm beynəlxalq təşkilatlar, həm də insan hüquqları ilə məşğul olan institutlarda şəxsi əlaqələriniz var. Təklif edərdik ki, siz bu istiqamətdə köməklik göstərəsiniz”.
F.Muradov beynəlxalq tribunada çıxış edən hüquq müdafiəçilərinin bu günlərdə səssiz qalmalarına da münasibət bildirib.
“Son zamanlar guya sülhpərəst qüvvələr müraciət yayırlar ki, sülh lazımdır. Sülh lazımdır, amma bizim evimizə gəlib, başımıza top atırlar, deyək ki, atın, davam edin? Bu qəbuledilməzdir. Bir qrup insanlar var ki, bundan istifadə edib siyasi divident qazanmaq istəyirlər. Bu yaxınlarda cənab prezidentin humanist addımı oldu və guya hüquq müdafiəçiləri olan insanlar azadlığa buraxıldı. Onlar beynəlxaq tribunada, müxtəlif beynəlxalq nəşrlərdə palaz-palaz müraciətlər edirlər. Son 3 gündə hüquq müdafiəçilərindən Ermənistan və təcavüzü ilə bağlı fəaliyyət görmədim.
Sizdə belə imkanlar varsa, beynəlxalq tribunaya çıxa bilirsinizsə niyə o mətbuatda bildirmirsiniz ki, dinc sakinlərimiz həlak olur. Bir söz deyin də! Onlar o tribunanı öz şəxsi maraqlarına görə istifadə edirlər.
Məsələlər sakitləşindən sonra müzakirə etməliyik ki, bu insanlar kimə işləyir?”
Komitə sədri vurğulayıb ki, sosial şəbəkələrdə gənclərimiz tərəfindən müsbət işlər də görülür. “Gənclərimizin fəaliyyəti bir çox istiqamətdə fərqlənir. Ermənilərin beynəlxalq dostları qarayaxma kampaniyasına əl atacaqlar. Buna hazır olmalıyıq və dərhal cavab verilməlidir. Azərbaycan gəncləri hər zaman hazırdır”.