Bəs tarixiimizə hörməti kim bəsləməlidir?..
2 aprel tarixi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gün kimi hər birimizin qan yaddaşında dərin izlər buraxıb. İstər-istərməz bu gün hər birimiz rayon haqqında düşünür, xatirələrimizi bölüşür, həm də bu istiqamətdə dövlətimizin yürütdüyü siyasətə dəstək olmağa çalışırıq.
Bu ilin 2 aprel tarixi həm də 23 ildən sonra ilk dəfə idi ki, işğal altında olan bir neçə yaşayış məntəqəmizin erməni silahlılarından təmizləndiyi gün kimi də tarixdə qalacaq. Bundan sonra bu günü həm də qələbələrimizin başlandığı gün kimi də qeyd edə bilərik. Azərbaycan ordusu bu qələbələrlə nəyə qadir olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan bir sutkalıq hücumla dünya ölkələrinin diqqətini özünə çəkə bildi.
Etiraf etməliyik ki, mediamızda test imtahanından üzüağ çıxdı.
Kaş ki, bu, bizim axarıncı qələbəmiz olsun…
Ancaq mən diqqəti məhz 2 aprel tarixində baş vermiş başqa bir hadisəyə, bu tarixdə dəvət edildiyim, lakin iştirak etmədiyim toy məclisi haqqında yazmaq istərdim. Samballı, bir az da Qarabagla bağlı olan bir ailənin toy məclisinə.
Bəlkə də kimsə yazını oxuyub mənə irad tuta bilər.
Ancaq fakt odur ki, 500 nəfərlik toy mərasimində şou-biznes əhli məclis iştirakçılarını var qüvvəsiylə əyləndirməyə çalışırdı. Şadlıq evinin qarşısında onlarca “AA” seriyalı maşınların dayandığının özüm şahidi oldum. Açığı maraq üçün maşında oturub həmin vaxt şadlıq evinin qarşısında baş verənləri müşahidə edirdim.
Çox böyük ağılagəlməz dərəcədə şadyanalıq var idi. Qarabağlı olduğumdan belə məqamlar həmişə diqqəti daha çox çəkir.
Hər halda başa düşüdüyüm odur ki, biz ilimizin müəyyən günlərində, əsasən də tarixdə xalqımızın başına gətirilən müsibətlərin baş verdyi günlərdə bir qədər səbr və təmkin nümayiş etdirməyə borcluyuq.
Belə çıxır ki, bundan sonra 20 yanvar, 26 fevral və 31 mart tarixlərində və yaxud 23 iyulda Ağdamın erməni işğalına məruz qaldığı gündə toy etmək olar.
Fikrimcə, bu məsələyə yenidən qayıtmağın vaxtı çatıb. Yəni mövzunun ictimai müzakirəyə çıxarılması və konkret qanunla tənzimlənməsinə ehtiyac var. İndiki həssas durumda bu çox vacib məsələ sayılmalıdır. Hökm deyil ki, şadlıq evləri ilin 365 günündə də toy edib pul qazansın…
Bəs tariximizə hörməti kim bəsləməlidir?.. Heç olmasa ilin 30 günü nəfsimizi boğmağa çalışmalıyıq və heç olmasa sifariş edənləri həmin gün haqqında məlumatlandırmalıyıq.
Bir neçə il əvvəl hansısa ölkədə 26 fevral tarixində toya gedənləri topa tutduğumuz halda, bu gün digər əməkdar artistlərin 2 aprel tarixində qol qaldırıb oynamasına da münasibət bildirməliyik…
Qeyd edim ki, məni indidən 8 may tarixində toy məclisinə dəvət ediblər. Nə fikirləşirsiniz, hansı addımı atmalıyam sizcə?..
Vüqar Tofiqli