QARABAĞ QHT KOALİSİYASI VƏ AZƏRBAYCAN AYDINLAR OCAĞININ CƏBHƏ XƏTTİNDƏ BAŞ VERƏN GƏRGİNLİKLƏ BAĞLI BiRGƏ BƏYANATI
Aprelin 2-də gecə saat 3-4 radələrində erməni hərbi birləşmələri tərəfindən atəşkəsin pozulması faktını ermənilərin növbəti təxribatı olaraq qiymətləndirir, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qurupunun yarıtmaz fəaliyyətinin və beynəlxalq birliyin sərgilədiyi ikili standartlar mövqeyinin təzahürü, işğalçı Ermənistanın havadarları‚ o cümlədən müttəfiqləri tərəfindən atəşkəsin pozulmasına verilmiş dəstək olaraq qəbul edirik.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan qətnamələrinin icra olunmamasına mövcud dünya birliyi və beynəlxalq hüquqi təşkilatların biganə yanaşması ermənipərəstliyin açıq sübutu hesab edilir. Eyni zamanda işğalçı Ermənistanın təmas xəttində, cəbhə boyu atəşkəsi pozmasının arxasında hansısa havadarlarının dəstəyinin olması istisna hal deyil.
Aprelin 2-də gecə saatlarında başlanan gərginlik halları birmənalı olaraq işğalçı ermənistanın növbəti təxribatıdır. Bu təxribat faktını Azərbaycan Prezidentinin ABŞ-a uğurlu səfərini gözü götürməyən qüvvələrin birgə əməliyyatı kimi qəbul edirik. Erməni birləşmələrinin atəşkəsi pozmasına Azərbaycan ordusunun layiqli cavab verməsi ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün lazımı və hüquqi haqqıdır.
Qarabağ QHT Koalisiyası‚ Azərbaycan Aydınlar Ocağı və həmçinin Azərbaycan ictimaiyyəti və Azərbaycan xalqı Azərbaycan ordusunun yanındadır. Həmçinin Azərbaycan ordusu xalqımız tərəfindən ən yüksək şəkildə dəstəklənməkdədir.
Qarabağ QHT Koalisiyası və Azərbaycan Aydınlar Ocağı Azərbaycan Dövlətinin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsini‚ ölkəmizin ərazi bütövlüyünün bərpasını‚ BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun işğal eydiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi haqqında qəbul etdiyi qətnamələrinin icra olunmasını tələb edir.
Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmağa‚ həmçinin ikili standartlar mövqeyindən əl çəkilməsinə çağırır.