Emosiya ilə müharibə aparmaq olmaz
Elbəyi Həsənli
Qarabağ savaşında sınmaq nöqtəsi
Öncə Ramil Səfərov faktoru ortaya çıxdı. Sonra Mübariz İbrahimov qəhrəmanlıqla şəhid oldu. Bu iki amil Qarabağ savaşında psixoloji üstünlüyü Azərbaycanıb xeyrinə dəyişdi.
Bugün biz ermənilərdən daha əzmlə silaha sarılmışıq və qələbəyə can atırıq.
Ona görə də şəhid Mübariz İbrahimovu ehtiram hissi ilə xatırlayıram. Ramil Səfərova isə cansağlığı arzulayıram…
İlham Əliyevin Amerika səfərinə qarşı Qarabağ marşı
Şühəsiz ki, Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi İlham Əliyevin Amerikaya olan səfəri ilə bağlıdır. Rusiya açıq şəkildə deyir ki, Amerika ilə olsanız erməniləri üstünüzə göndərəcəm…
Şəxsən mən, Azərbaycanın Amerikanın (Qərbin) yanında olmasını istəyirəm. Rusiya Azərbaycanın keçmişidir. Gələcəyə baxmaq lazımdır…
Hər 2-3 aydan bir Qarabağda gərginlik yaşanmalıdır...
2000-ci ildə ATƏT-ın xətti ilə Xankəndində oldum. Avstraliyadan gəlib orada xudmani hotel tikdirmiş erməni məndən soruşdu ki, “siz gəlib buraları tutsanız mənim obyektimin taleyi necə olacaq?..”
Hazırda Qarabağ cəbhəsində baş verən gərginliyə müsbət baxıram. Əminəm ki, biz ən azı 2-3 aydan bir təmas xəttində belə gərginlik yaratmalıyıq. Ermənilər həmişə hiss etməlidirlər ki, təhlükə realdır və bir anın içində hər şeyi itirə bilərlər. Yəni, erməni iş adamının qorxudan doğan narahatlığı işğal altındakı ərazilərimizdə hər bir erməninin ruhuna hopmalıdır. Azərbaycanın milli maraqları bunu tələb edir…
Ancaq mən ona da əminəm ki, nə qədər Rusiya Ermənistanın arxasındadır, Azərbaycan total müharibdən çəkilməlidir. Müharibə haradasa marafon qaçışına bənzəyir. İdmançı gərək hər şeyi düzgün hesablasın. Əks təqdirdə qələbə əldən gedəcək…
Məyus olmağa dəyərmi?
Bəziləri məyus görünür. Deyirlər ki, Müdafiə Nazirliyi döyüşləri nədən birtərəfli qaydada dayandırdı? Qələbənin bir addımlığında idik…
Qərb mediasına açıqlama verən Ermənistan və qondarama Dağlıq Qarabağ rəsmiləri bildirlər ki, Azərbaycan tərəfi yalan danışır. Döyüşlər əvvəlki qaydada davam edir…
Emosiya ilə müharibə aparmaq olmaz. Hər şey ən xırda detallarına qədər hesablanmalı və situasiyaya uyğun addım atılmalıdır. Hələ biz bilmirik ki, hansı şərtlər daxilində döyüşlər dayandırılıb. Ümumiyyətlə, dayandırılıbmı?
Müharibə sehirli çubuqla aparılmır…
Azərbaycan 1988-ci ildən 1994-cü ilə kimi öz torpaqlarını itirə-itirə gedib. İndi biz istəyirik ki, 1-2 günün içində illər ərzində itirdiyimiz torpaqların hamısını birdəfəyə geri alaq. Qardaşım, bacım, müharibəni sehirli çubuqla aparmırlar. Bu iş istənilən halda mərhələ-mərhələ olacaq. Təmkin və səbrlə, ən əsası isə çiyin-çiyinə qələbəyə doğru addımlamalıyıq..
Erməni mifi leş oldu getdi…
Azərbaycan ordusu bir həmləyə erməni mifini darmadağın etdi. Ermənlər və havadarları başa düşdü ki, münaqişənin həllini uzatmaqla Azərbaycan torpaqlarını Ermənistana qatmaq olmaz…
Azərbaycan xalqı bir bütöv…
Azərbaycan xalqı-türkündən talışına kimi, dağlısından ləzgisinə kimi Qarabağ Savaşında çiyin-çiyinə döyüşür. Ermənilərin quçağında özlərinə isti yuva qurmuş bir ovuc separatçı, indi siz haradasınız? Ermənistana səfər etmək istəmirsiz ki?..
Rusiya öz açarın itirib…
Bəs deyirdiz ki, Dağlıq Qarabağ probleminin açarı Rusiyadadır. Məncə, Rusiya öz açarın çoxdan itirib. Dağlıq Qarabağın açarı da, qapısı da, elə özü də Azərbaycandadır…