Kimin tərəfindəsiniz?
Əlamətdar günlər toplumların kültüründə xüsusi yerə malikdir. Bunlar həmin toplumların tarixən formalaşmış həyat tərzinin keçilməz elementlərindən sayılır. Amma şərq toplumlarının məişəti XX-əsrdə ciddi şəkildə təcavüzə uğramışdır ki, bu digər vacib məsələrlə bərabər həm də əlamətdar hesab edilən və hansısa bir “adət”lə qeyd olunan təqvimlərdə öz təzahürünü göstərməkdədir. İlboyu fərqli günlər fərqli təqvimləri qeyd edən insanlarla qarşılaşırıq, hətta ətrafımızdakıların əksəriyyəti bu təqvimlərə xüsusi əhəmiyyət verir desək yanılmarıq. Mənşəyini bilmədən, fərqində olmadan, mənasını anlamadan hansısa günü əlamətdar saymaq və onu məişətimizə gətirmək nə dərəcədə doğrudur?
Çox təqvimləri misal çəkə bilərəm, amma 1-aprel olduğu üçün məhs bu günü və bu günün özəlliyini öyrənməyimiz xeyirimizə olar düşündüm. Kütləvi İnformasiya Vasitələrinin “gülüş günü”, vətəndaşlarımızın “aldatma günü” kimi qeyd etdiyi 1-aprel əslində niyə qeyd edilir? X
V-əsrin sonlarında Xaç yürüşlərinin əsas hərəkətverici qüvvələri hazırkı İspaniya ərazisində fəaliyyət göstərən Əndəlus dövlətinin son qalasını mühasirəyə alır. (Bu o Əndəlus dövləti idi ki sərhədləri daxilində hər kəs barış və güvən içində yaşayırdı) Aylarla sürən mühasirəyə rəğmən Əndəlus müsəlmanları qalanı təslim etmir. Artıq öz ordusunun bu mühasirənin uzun sürməsindən həvəssizləşdiyini görən Xaçlı ordusu komandanı 31-mart gecəsində bir əlində müsəlmanların qutsal kitabı Qurani-Kərim digər əlində xristianların qutsal kitabı İncil qalanın önünə gəlir və and içir ki, qalanı təslim etsələr kimsəyə toxunulmayacaq. Bir neçə saatlıq müzakirədən sonra 1-aprel səhərində müsəlmanlar əvvəlcədən aldıqları sağ qalmaq təminatı ilə qalanın qapılarını açırlar. Qalaya daxil olan xristian qoşuna müsəlmanları və onlara dəstək vermiş hər kəsi qətl etmək göstərişi verilir.
Və həmin tarixdən sonra 1-aprel günü “hilə günü”, “gülüş günü”, “aldatma günü” kimi qeyd edilir. Əcaba bu qətliam gününün il dönümünü belə coşğu ilə qeyd edənlər kim tərəfdədi? Qatil tərəfdəmi… Əslində biz özümüz özümüzü nə qədər aşağılamış oluruq, fərqindəsinizmi…
Hansısa bir zalımın həzz aldığı “aldatma anı” nı tarixləşdirib özümüzə gün uydurmuşuq. Bütün faciələrmizə gülə-gülə gülməli hala qalmışıq. Hamı bizi aldadır, “aldatma günü” bizim ola bilməz… Hamı bizə gülür, biz kimə gülürük, əfəndilər…
Vasif Qurbanzadə