Kerrinin İlham Əliyevlə Sarkisyansız görüşü: İrəvan məğlub olur
ABŞ-da səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşü Dağlıq Qarabağ münaqişəsi baxımından xüsusilə diqqət çəkdi. Çünki Nüvə Təhlükəsizlik Sammitindən öncə Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşəcəklərinə dair ehtimallar var idi. Hətta görüşün olacağına dair informasiyalar da yayılmışdı.
Con Kerrinin Sarkisyanla deyil, yalnız Prezident İlham Əliyevlə görüşməsi isə münaqişəyə dair bəzi ehtimalları gücləndirir. C. Kerri Prezident İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının istədiklərini bildirdi. Bu, Birləşmiş Ştatların bundan sonra münaqişəyə daha çox diqqət ayıracağını deməyə əsas verir. Həmçinin, okeanın o tayında Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatı isə Vaşinqtonun birmənalı olaraq Bakını dəstəklədiyini açıq şəkildə göstərdi. Digər tərəfdən, Sarkisyanın nəinki Con Kerri, ümumiyyətlə heç bir ABŞ rəsmisi tərəfindən qəbul olunmaması Dağlıq Qarabağ münaqişəsində Bakının əlinin güclənməsi deməkdir.
Rusiyalı politoloqların Con Kerri ilə İlham Əliyevin Sarkisyansız görüşünə dair şərhi maraq doğurur. MDB ölkələri üzrə ekspert Aleksandr Qusev hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının, həmçinin, Avrasiya İqtisadi İttifaqının üzvü olması okeanın o tayında məmnunluq doğurmur: “Azərbaycan isə NATO üzvü olan Türkiyə ilə müttəfiqdir və Qərb təşkilatlarına alternativ olan heç bir qurumda yer almır. Hesab etmək olar ki, Con Kerri ABŞ-da səfərdə olan iki prezidentdən yalnız İlham Əliyevi seçdi. Halbuki, Dağlıq Qarabağ münaqişəsinin spesifikasiyasını nəzərə alsaq, Kerrinin hər iki prezidentləri görüşməsi ehtimalı böyük idi. Lakin o, İlham Əliyevi ABŞ-a daha yaxın hesab edərək, Sarkisyandan imtina etdi”. Beynəlxalq institutun prezidenti Aleksey Martınov isə hesab edir ki, bu görüş ABŞ-ın Cənubi Qafqazda Azərbaycana üstünlük verdiyini göstərir.