Kreml mesajını verdi:“Cənubi Qafqazda separatizmi maliyyələşdirə bilərik”
Rusiya Gürcüstandan ayrılaraq, müstəqilliyini elan edən Cənubi Osetiyaya 8,2 milyard rubl (120 milyon dollar) pul ayırıb.
Strateq.az xəbər verir ki, bunu Kremlin rəsmi internet saytı bildirib. Məlumata görə, Putin Cənubi Osetiyanın lideri Leonid Tibilovu qəbul edərək, bölgəyə maddi yardım məsələsi ətrafında müzakirə aparıb.
Rusiya prezidenti görüşdə muxtar vilayətə yardımları davam etdirəcəklərini və bu il üçün 8,2 milyard rubl ayırdıqlarını vurğulayıb.
Cənubi Osetiya ilk dəfə 1990-ci ildə təktərəfli qaydada müstəqilliyini elan etmişdi. Lakin bu ilk təşəbbüs uğurlu alınmamış, Tbilisi vilayətə ordu yeridərək, nəzarəti yenidən bərpa etmişdi.
2008-ci ilin avqust ayında Rusiyanın dəstəklədiyi Cənubi Osetiyanın separatçı qüvvələri yenidən canlanmağa başlamış və eyni addımı atmışdılar. Bu dəfə də Tbilisi əks-hücuma keçmişdi. Gürcü ordusunun bölgəyə müdaxiləsi rus baryeriylə qarşılaşmışdı. Rusiya osetinləri müdafiə adıyla bölgəyə müdaxilə etmiş, qısa zaman ərzində, yüzlərlə adamın həyatı bahasına başa gələn qarşıdurma nəticəsində gürcü hərbi birləşmələri Osetiyanı tərk etmək məcburiyyətində qalmışdılar. Rus ordusu hazırda da vilayətin inzibati sərhədlərində öz varlığını məhkəmləndirməkdədir.
Putinin muxtar vilayətin rəhbəriylə son görüşünün ABŞ-da keçirilən nüvə sammiti ərəfəsinə düşməsi və iqtisadi böhranla çarpışan Rusiyanın Qafqazda separatizmə maliyyə yardımı ayırması təsadüfi deyil. Məlum olduğu kimi, ABŞ son zamanlar Rusiyanın ətrafında yaratdığı çəmbəri tədricən daraldır, xüsusilə Cənubi Qafqazı bu prosesə cəlb etməyə çalışır. Azərbaycan prezidenti İlham Əliyevin nüvə sammitinə dəvət olunması ölkəmizin də bu prosesə cəlbinə cəhd kimi xarakterizə edilir. Belə bir zamanda Rusiyanın Cənubi Qafqazın digər bir ölkəsi Gürcüstanın ərazi bütövlüyünə qəsd yolunu tutan bir muxtar vilayətə maliyyə yardımı göstərməsi sanki əlaqədar dairələrə, o cümlədən Azərbaycana verilmiş mesaj təəssüratı yaradır. Görünən budur ki, Moskva “iqtisadi çətinliklərə baxmayaraq, imperialist maraqlarım naminə Cənubi Qafqazda separatizmi maliyyələşdirmək gücünə malikəm” demək istəyir.
Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın bu mesaja cavabı nüvə sammitindən sonra atılacaq addımlarla aydınlaşacaq. Cavabın necə olacağını yaşayıb görərik.