Əli Həsənov: “31 mart hadisələrinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması bizim vətəndaşlıq borcumuzdur”
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-Cİ “ŞUŞA QRANTI” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində “Ermənistanın Azərbaycana təcavüzü” (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif: Musa Qasımlı) Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilib.
Tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digərləri tədbirdə çıxış ediblər.
Ə.Həsənov çıxışında bildirib ki, son 200 ildən artıq bir dövrdə ermənilər Azərbaycan xalqına qarşı dayanmadan soyqırım həyata keçiriblər: “Azərbaycanlıları öz torpaqlarından qovmaq, bu torpaqları azərbaycanlılardan təmizləmək və bu torpaqlarda məskunlaşaraq özlərinə dövlət qurmaq ideyası altında onlar heç nədən çəkinməyiblər və qanlı aksiyalara rəvac veriblər. 31 mart Azərbaycan xalqına qarşı törədilmiş soyqırım hadisələrinin ən qanlı səhifəsidir. O zaman mart ayında həm Bakıda, həm də Azərbaycanın digər regionlarda on minlərlə əhali ermənilər tərəfindən qətlə yetirildi”.
O, qeyd edib: “31 mart elə bir gündür ki, Azərbaycan xalqını, xüsusən Azərbaycanın milli elitasını özünə cəlb etməlidir. Bu günün öyrənilməsi, bu günün yad olunması, həmin gündə baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması bizim milli, vətəndaşlıq borcumuzdur”.
Ə.Həsənov vurğulayıb ki, 31 mart soyqırımı Azərbaycan müstəqillik qazandıqdan sonra qeyd olunub: “İlk dəfə ümummilli lider Heydər Əliyev azərbaycanlılara qarşı törədilmiş çoxsaylı soyqırım hadisələrinin ümumiləşmiş bir simvolu olaraq 31 mart tarixinin ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsi günü kimi qeyd olunmasını bilavasitə dövlət siyasəti səviyyəsinə qaldıraraq rəsmləşdirdi”.
“Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Kars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qoparmaq cəhdləri və digər məsələlər araşdırılıb.
“Ermənistanın Azərbaycana təcavüzü” kitabında isə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Bununla yanaşı, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlər (qərar, qətnamə və bəyanatlar və s.) ardıcıllıqla və sistemli şəkildə öz əksini tapıb.