Tehranla Moskva Qarabağ münaqişəsini həll edir?
“Rusiya və İran Azərbaycanla Ermənistanı barışdıraraq, Dağlıq Qarabağ münaqişəsini həll edə bilər”.
Publika.az xəbər verir ki, belə bir fikirlə Rusiya İqtisadi İnkişaf Nazirliyinin Ümumrusiya Akademiyasının professoru Andrey Qolubçik çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və İranın iştirak etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması istiqamətində sürətli iş aparılır: “Yaxın günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı müzakirələr aparacaq. Bu layihə regionda hər kəsə pul gətirən layihədir. Amma belə böyük layihələr sakitliyi, yəni sülhü sevir. Dağlıq Qarabağ münaqişəsi regionda daim gərginliyə səbəb olan qaynar ocaq kimidir. Bu baxımdan, münaqişə belə bir layihəyə maneə kimi görünə bilər”.
Rusiyalı professor qeyd edib ki, 1989-cu ilə qədər SSRİ İranla fəal şəkildə ticarət aparırdı: “Bu ticarət əsasən Sovet Culfası ilə İran Culfası vasitəsilə həyata keçirilirdi. Müharibədə hər şey dəyişdi, həmin ərazidəki infrastruktur da məhv edildi. Əgər Qarabağ münaqişəsi olmasa, tarixi ticarət dəhlizini yenidən bərpa etmək olar”.
Andrey Qolubçik hesab edir ki, Rusiya və İran bu kimi amillərə görə, Qarabağ münaqişəsini həll edərək, Bakı və İrəvanı barışdırmağa təşəbbüs göstərə bilər.
“Çünki pul hər kəsə lazımdır, lakin pul sakitliyi sevir. Sakitlik olmasa, böyük pullar gətirəcək belə layihələrin taleyi də müəmmalı olur”, – deyə o diqqətə çatdırıb.