Lavrovun Bakı səfəri: nələr müzakirə ediləcək?
Qarabağ probleminin son vaxtlar Rusiya siyasiləri tərəfindən gündəmə gətirilməsi təsadüf deyil.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Lavrovun Bakıya səfəri ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlıdır:
“Apreldə də yeni səfərlər gözlənilir. Bu ondan xəbər verir ki, regionda olan vəziyyət narahatlıq doğurur. Fikrimcə, iki ölkə arasında olan siyasi dialoq müəyyən sahələrdə səyləri birləşdirməyə imkan verəcək. Bəzi korrektələr edilir, çünki Bakı-Moskva münasibətlərinə başqa proseslərin də təsiri var. Buna görə də Rusiya bir növ öz xarici vektorlarını fəallaşdırır. Bir sıra məqamlarda mövqelər üst-üstə düşməyə bilər. Çünki hər bir ölkənin xarici prioritet və geoiqtisadi hədəfləri var. Bu o anlama gəlir ki, hər iki ölkə hazırda çox mühüm bir dönəmdən keçir. Bəzi məqamlarda Bakı-Moskva arasında haçalanma baş ver bilər. Sözügedən səfər də məhz bu gərginliklərə hesablanıb. Bu da təbiidir”.
T.Abbasov hesab edir ki, ATƏT-in Minsk Qrupu hazırkı şəraitdə Azərbaycanın tələblərini nəzərə almalıdır:
“Qarabağ məsələsi istiqamətində hələ ki nəzərə çarpacaq bir nəticə yoxdur. Vaşinqton, Moskva və Paris prosesi canlandırmaq üçün çalışır. Hazırda Azərbaycan-Ermənistan arasında daimi sülhün əldə olunması bir az müşkül məsələyə çevrilib. Çünki Ermənistan bölgədə risklərin sayını artırmağa cəhd edir. Bu məqamda incə diplomatiyanın gedişlərinə böyük ehtiyac var. Çünki Rusiya münaqişəni təkbaşına həll edə bilmir. Qarabağ probleminin son vaxtlar Rusiya siyasiləri tərəfindən gündəmə gətirilməsi isə təsadüf deyil. Perspektiv baxımından əlverişli bir vəziyyət yarana bilər. İlk növbədə Ermənistan öz silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxarmalıdır. Bunun üçün prinsip etibarilə hipotetik bir zəmin var. Ona görə də ATƏT-in Minsk Qrupu hazırkı şəraitdə Azərbaycanın tələblərini nəzərə almalıdır”.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu həftə Bakıya səfər edəcəyi gözlənilir. Nazirliyin sözçüsü Mariya Zaxarova ötən həftəsonu səfərin tarixi ilə əlaqədar iş getdiyini deyib.