Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Ermənistanda ötən ilin 25 noyabrında zərərsizləşdirilən cinayətkar dəstənin dövlət çevrilişi hazırladığı bildirilib.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin rəis müavini Mikael Ambartsumyan məlumat verub.
“Dəstə üzvləri parlamentə, prezident iqamətgahına, Konstitusiya Məhkəməsinə və İctimai Televiziyanın binasına hücum etməyi planlaşdırırdı. Dəstə başçısı Artur Vardanyanın çevrilişdən sonra edəcəyi videomüraciət ələ keçirilib”.
Məlumata görə həbs olunan dəstə üzvlərinin ünvanlarından ölkənin 147 siyasi xadiminin bioqrafiyası aşkar olunub. Bundan başqa, Artur Vardanyanın dəstəsi Serj Sarksiyanın ofis və iqamətgahlarının fotolarını çəkərək onun gündəlik hərəkət marşrutunu izləyib.
Dəstəyə 65 min dollar yardım göstərən şəxs də həbs olunub. Hazırda dövlət çevrilişnə cəhdlə bağlı 33 nəfərə ittiham irəli sürülüb. Onlardan 25-i həbsdədir.