Ermənistanın atəşkəsi pozmasının əsl səbəbi
Son günlər cəbhədə vəziyyət yenə də gərginləşib. ANS PRESS-in Müdafiə Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub. Gecə baş verən döyüş toqquşması zamanı Azərbaycan ordusu 2 şəhid verib.
Atəşkəsin pozulması hallarına ötən günlərdə də rast gəlinib. Azərbaycan ordusu bir neçə dəfə qarşı tərəfin təxribatlarının qarşısını alıb. Ermənistan ordusu bir neçə gün əvvəl 12 hərbiçisini itirib. Bəzi hallarda isə qarşı tərəf öz itkilərini gizlədir.
“Atəşkəsin pozulmasında əsas məqsəd Azərbaycanın dünyadakı imicini korlamaqdır”.
Cəbhədə gərginliklərin baş vermə vaxtlarına diqqət yetirdikdə belə halların adətən Azərbaycan və Ermənistan prezidentlərin görüşü barədə məlumatlar yayıldığı ərəfəyə rast gəldiyini görərik. Ermənistan və Azərbaycan prezidentlərinin ötən ilin dekabr ayında baş tutan görüşü ərəfəsində də belə gərginliklər baş verib.
Hazırda prezident İlham Əliyev və Serj Sarkisyan arasında Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.