Ermənilər cəbhə kəndinə mərmi atdı
Ermənilər cəbhə xəttində yerləşən kəndə mərmi atıb.
Ermənistan Silahlı Qüvvələri Tərtərin Qapanlı kəndini gün ərzində fasilələrlə atəşə tutub. Mərmilərdən biri kənd sakini Müşviq Əsgərovun həyətyanı sahəsinə düşüb. M.Əsgərov APA-nın Qarabağ bürosunun müxbirinə bildirib ki, mərminin qəlpələri darvazaya və evin dam örtüyünə ziyan vurub.
Ermənilərin son 3-4 gün ərzində kəndi hədəfə alması nəticəsində digər tikililərə də ziyan dəyib. Artilleriya silahlarından atılan mərmilərin çoxu əkin sahələrinə düşüb. Dinc əhali arasında itki qeydə alınmayıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün cəbhədə baş verən insident zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib. Ermənilərə məxsus hərbi nəqliyyat vasitəsi də sıradan çıxıb.