“Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirləri görəcək”. Bu barədə açıqlama Azərbaycan Müdafiə Nazirliyindən verilib.
Nazirlikdən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışının Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb.
“Ermənistan Müdafiə Nazirliyinin “atəşkəs rejiminə Ermənistan sərhədləri daxilində ciddi şəkildə əməl edəcəyi” fikri, faktiki olaraq hazırda işğal altında olan torpaqların ilhaqı kimi qələmə verilməsindən başqa bir şey deyildir”.
Bunu nəzərə alaraq Müdafiə Nazirliyi beynəlxalq qurumları erməni tərəfinin bu hərəkətinə müvafiq qiymət verməyə çağırıb.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Novruzlu, Cəvahirli, Sarıcalı, Kəngərli, Mərzili, Qaraqaşlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 132 dəfə atəş zərbəsi endirib.