“Cəbhədə üstünlük Azərbaycanın tərəfindədir”
“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı söyləyib. O deyib ki, Novruz bayramı milli sərvətimizdir.
Prezident vurğulayıb ki, Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparır. Dünyada mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Biz çalışacağıq ki, xalqımızı bütün risklərdən qoruyaq, insanların rahat yaşayışını təmin edək. Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır, heç bir avantüraya qatılmır. Beynəlxalq məsələlərlə bağlı Azərbaycanın prinsipial mövqeyi var, Azərbaycan ədalətin, beynəlxalq hüququn tərəfindədir. Ölkəmizin başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilməsinə heç vaxt imkan verilməyəcək. Azərbaycan öz siyasəti ilə dünya miqyasında böyük hörmət qazanıb və bu hörmət getdikcə artır”.
O qeyd edib ki, Azrəbaycan bir çox məsələlərlə bağlı dünyaya yol göstərir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan prezident bildirib ki, münaqişə qarşı tərəfin qeyri-konstruktiv mövqeyi, problemin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin biganəliyi ucbatından həll olunmayıb: “Münaqişənin həllində Azərbaycan mövqeyi beynəlxalq hüquqa, ədalətə əsaslanır. Təmas xəttində üstünlük Azərbaycanın tərəfindədir”.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb, nitq söyləyib.
Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.